...

AzMİU Qarabağ eləcə də Şərqi Zəngəzurun elmi və intellektual dayaqlarından biri kimi çıxış edir - Rektor

Cəmiyyət Materials 18 Dekabr 2025 11:30 (UTC +04:00)
AzMİU Qarabağ eləcə də Şərqi Zəngəzurun elmi və intellektual dayaqlarından biri kimi çıxış edir - Rektor
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi sadəcə bir tarix göstəricisi deyil. Bu yubiley ölkəmizdə memarlıq və inşaat təhsilinin formalaşması, milli mühəndislik məktəbinin yaranması və dövlət səviyyəsində ardıcıl şəkildə dəstəklənməsinin məntiqi nəticəsidir.

Trend xəbər verir ki, bu fikirləri bu gwn Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova universitetin yaradılmasının 50 illik yubileyi münasibətilə keçirilən təntənəli rəsmi tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“AzMİU-nun keçdiyi inkişaf yolu Azərbaycanın ümumi sosial-iqtisadi tərəqqisi ilə sıx bağlıdır və bu yol ölkənin intellektual potensialının formalaşmasında mühüm rol oynayıb”, - rektor əlavə edib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ali təhsil sisteminə, xüsusilə mühəndislik sahəsinə verdiyi strateji əhəmiyyət AzMİU-nun yaradılmasının və institusional inkişafının əsasını təşkil edib.

“Universitetin məhz bu siyasi iradə nəticəsində formalaşması, sonrakı illərdə universitet statusu alması və adının Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi təsdiqlənməsi dövlətin mühəndis kadr hazırlığına uzunmüddətli baxışının göstəricisidir”.

Universitet rektoru bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq, şəhərsalma və bərpa prosesləri ali mühəndis təhsilinə yeni keyfiyyət tələbləri formalaşdırır.

“Ağıllı şəhərlər, yaşıl memarlıq, enerji effektiv tikinti və davamlı inkişaf prinsipləri AzMİU-nun təhsil strategiyasının əsas istiqamətlərini müəyyən edir və universitet bu çağırışlara uyğun olaraq tədris proqramlarını, elmi fəaliyyətini və kadr hazırlığını yeniləyir”.

O vurğulayıb ki, “Əsrə bərabər 50 il” devizi universitetin tarixini sadəcə zaman ölçüsü kimi deyil, Azərbaycanın inkişafına verilmiş real töhfələrin simvolu kimi ifadə edir.

“Bu yarım əsr ərzində yetişdirilən on minlərlə memar və mühəndis ölkənin şəhərlərinin, infrastrukturunun, sənaye və nəqliyyat sistemlərinin formalaşmasında birbaşa iştirak edib və AzMİU-nu milli intellekt mərkəzinə çevirib.

AzMİU bu gün yalnız ali təhsil müəssisəsi kimi deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun bərpası, regionların davamlı inkişafı və ölkənin gələcək quruculuq strategiyalarında elmi və intellektual dayaqlardan biri kimi çıxış edir. Universitetin məzunları müasir Azərbaycanın memarlıq simasının yaradılmasında, böyük infrastruktur layihələrinin icrasında və mühəndis qərarlarının verilməsində aparıcı rol oynayırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti