Bakı.Trend:
AzMİU-da hazırda yüksək səviyyəli, təcrübəli mütəxəssislər və alimlərdən, eyni zamanda, gənc kadrlardan ibarət 600 nəfər professor-müəllim heyəti 7 fakültədə mütəxəssis hazırlığını təmin edirlər.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova universitetin 50 illik yubileyi ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, tədris 3 dildə azərbaycan, ingilis və rus dillərində aparılır. 24 ixtisas üzrə bakalavr pilləsində mütəxəssis hazırlığı həyata keçirilir:
"Magistratura səviyyəsində 53 proqram üzrə hazırlıq aparılır. Son on ildə universitetin hazırladığı bakalavr ixtisaslarırının strukturu 25%, magistratura istisas və ixtisaslaşmaların strukturu 60% yenilənib, MBA proqramları açılıb. Bu rəqəmlərin arxasında yeni təhsil proqramlarının hazırlanmasına, yeni məzmun yaradılmasına sərf edilmiş gərgin fəaliyyət dayanır".
Rektor əlavə edib ki, bu illər ərzində universitetin elmi və pedaqoji potensialının inkişafı sistemli tədbirlərlə dəstəklənib.
"Differensial əmək haqqı sisteminin tətbiqi professional inkişaf motivasiyanı artırıb. Bununla yanaşı ingilis dili və İT bilik və bacarıqlarının artırılması üçün konkret işlər görülüb. 15 ixtisas üzrə ingilis dilində tədris 100% universitetin müəllimləri tərəfindən həyata keçirilir",- deyə o əlavə edib.
