...

Paytaxtda tarixi binada yaranmış problemlər aradan qaldırılır (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2025 10:39 (UTC +04:00)
Paytaxtda tarixi binada yaranmış problemlər aradan qaldırılır (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış binasında aparılan bərpa işləri ilə bağlı yaranmış problemlər aradan qaldırılır.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Xatırladaq ki, tarixi abidənin yaxınlığında yeni yaşayış binasının inşası ilə əlaqədar olaraq, “VEST PARK” MMC tərəfindən 3146 inventar nömrəli abidədə təmir-bərpa işləri aparılarkən təsdiq edilmiş layihənin tələblərinin kobud şəkildə pozulması faktı aşkarlanmışdı. Qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş layihədə binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətdə və dam örtüyündə bərpa işlərinin aparılması nəzərdə tutulub.

Lakin, təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozularaq, mövcud dam örtüyünün (ruberoid) əvəzinə yeni metal kirəmit tipli konstruksiya quraşdırılmışdı. Həmçinin, damda yerləşən tüstü və havalandırma bacaları qapadılmış, quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlığına təhlükə yaratmışdı.

Sözügedən nöqsanlarla əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təmir-bərpa işləri dayandırılmış, şirkət barəsində inzibati tədbirlər görülmüşdü. Tarixi abidənin dam örtüyünün əvvəlki görkəminə qaytarılması məqsədilə layihədən kənar quraşdırılmış dam örtüyü sökülmüş, nəticədə binanın damının müəyyən hissəsinin zədələnməsinə və yağışlı havalarda isə sakinlər üçün əlavə narahatlıqların yaranmasına səbəb olmuşdu.

Hazırda isə Dövlət Xidmətinin nəzarəti altında görülən tədbirlər nəticəsində nöqsanlar aradan qaldırılır. Binanın dam örtüyü tarixi abidənin memarlıq xüsusiyyətlərinə uyğun şəkildə bərpa edilir, konstruktiv dayanıqlıq təmin olunur və yaşayış üçün yaranmış risklər aradan qaldırılır. Dam hissəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.

Xəbər lenti

Xəbər lenti