Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ərəfəsində ölkəmizdə bir sıra ardıcıl tədbirlər görülür. Qeyd etdiyim kimi, şəhərlərimizin baş planları hazırlanır və bu baş planlar əsasında regionlarımız planlı şəkildə inkişaf edir.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi münasibətilə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunda dünyada urbanizasiyanın inkişafı şəraitində aktual olan bir sıra məsələlərin müzakirəsi gözlənilir.
“Bunlardan ən əsasları mənzil problemləri ilə bağlı məsələlərdir. Bir sıra, yəni inkişaf etməkdə olan ölkələrdə, xüsusən yoxsul təbəqələrin mövcud olduğu ölkələrdə bu problemlər daha qabarıq dayanır. Azərbaycanın bu istiqamətdə həm böyük təcrübəsi var, həm də böyük uğurları var. Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilərdə çox qısa bir zamanda yüzlərlə yaşayış məntəqəsinin planlaşdırma sənədləri hazırlanıb və həmin ərazilərə əhalimizin qayıdışı davam edir”.
O vurğulayıb ki, ümumilikdə 12 şəhərin planlaşdırma sənədləri əsasında həmin şəhərlər yenidən qurulur.
