Bakı. Trend:
Respublika və yerli əhəmiyyətli avtomobil yollarında yolun hərəkət hissəsindən qarın təmizlənməsi və buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər fasiləsiz şəkildə həyata keçirilib.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyindən məlumat verilib.
Bildirilib ki, gecə boyu və səhər saatlarında qarın intensiv
yağdığı, eləcə də buzlaşmanın yarandığı dağlıq və dağətəyi
ərazilərə xüsusi texnikalar — qar təmizləyən maşınlar, duz-qum
səpən avadanlıqlar, eləcə də kifayət qədər canlı qüvvə cəlb olunub.
Görülən tədbirlər nəticəsində sözügedən istiqamətlərdə nəqliyyat
vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib, yolların
bağlanmasının qarşısı alınıb.
Hazırda AAYDA-nın yol istismar idarələri gücləndirilmiş iş
rejimində fəaliyyət göstərir. Yol şəraitindən asılı olaraq
təmizləmə və buzlaşmaya qarşı tədbirlər operativ şəkildə davam
etdirilir.
Agentlik sürücülərə hava şəraitini nəzərə almağı, qış mövsümünə uyğun təkərlərdən istifadə etməyi, sürət həddinə riayət etməyi, çətin relyefli ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını tövsiyə edir.
