Bakı. Trend:
Azərbaycana idxal olunan mobil cihazlar aksizli malların siyahısına əlavə olunmaqla aksizə cəlb ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna görə, mobil cihazların aksizli malların siyahısına əlavə olunması və hər ədədinə görə 20 manat məbləğində aksiz vergisinin müəyyən edilməsi, eyni zamanda fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində bir ədəd mobil cihazın gətirilməsi mümkün olacaq.
"Dövlət rüsumu haqqında" Qanunda dəyişikliyə əsasən isə, fiziki şəxs tərəfindən təqvim ili ərzində ölkəyə gətirilən bir ədəddən artıq istənilən mobil cihaza görə 100 manat məbləğində (hər biri üçün) dövlət rüsumu müəyyən ediləcək.
Bu halda fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumları (mobil cihazın dəyərinə əsasən müəyyən olunan dövlət rüsumları) tətbiq olunacaq.
