Bakı. Trend:
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının tutulma qaydası dəyişdirilib.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Daha əvvəl muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilirdi:
- sahibkarlıq fəaliyyəti üzrə 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında.
Qanuna əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:
- sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.
