...

2025-ci il Azərbaycan idmanı üçün mühüm nailiyyətlərlə yadda qaldı - Afət Həsənova

Cəmiyyət Materials 30 Dekabr 2025 18:08 (UTC +04:00)
2025-ci il Azərbaycan idmanı üçün mühüm nailiyyətlərlə yadda qaldı - Afət Həsənova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il Azərbaycan idmanı üçün mühüm nailiyyətlərlə yadda qaldı. İdmançılarımızın beynəlxalq arenalarda göstərdiyi nəticələr bir daha sübut etdi ki, ölkəmizdə idman sahəsi təsadüfi deyil, ardıcıl və sistemli dövlət siyasətinin nəticəsi olaraq inkişaf edir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, qazanılan minlərlə medal, yüzlərlə qızıl mükafat Azərbaycanın artıq idman ölkəsi kimi mövqeyini möhkəmləndirdiyini açıq şəkildə nümayiş etdirir:

“Bu uğurların arxasında güclü siyasi iradə və uzunmüddətli strategiya dayanır. Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər ərzində ölkə üzrə idman infrastrukturu faktiki olaraq yenidən qurulub. Paytaxtla yanaşı, regionlarda müasir idman obyektlərinin yaradılması gənclərin idmana cəlb olunmasını xeyli asanlaşdırıb. Gəncə və Yevlaxda Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu tip obyektlərin sayı onlarla ölçülür ki, bu da regionların sosial inkişafına da ciddi töhfə verir”.

Deputat qeyd edib ki, idman yalnız fiziki fəaliyyət deyil, sağlam cəmiyyətin təməlidir. Sağlam və güclü gənclik isə ölkənin sabahı deməkdir:

“Uşaqlıqdan idmana marağın formalaşdırılması, gənclərin sağlam həyat tərzinə təşviqi gələcək uğurların əsasını qoyur. Bu gün əldə edilən idman nailiyyətləri məhz vaxtında atılmış düzgün addımların nəticəsidir.

Eyni zamanda, idman gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində mühüm vasitədir. Güclü fiziki hazırlıqla yanaşı, mənəvi dəyərlərə bağlılıq, milli kimlik və Vətən sevgisi bir-birini tamamlamalıdır. Azərbaycan gəncliyi bu gün beynəlxalq arenalarda artıq qalib xalqın nümayəndəsi kimi çıxış edir. Dövlət Bayrağımızın idman meydanlarında yüksəldilməsi hər bir vətəndaş üçün qürur mənbəyidir və bu məsuliyyət idmançıların üzərinə əlavə mənəvi yük qoyur.

2025-ci ildə ölkəmizin ev sahibliyi etdiyi iri beynəlxalq yarışlar Azərbaycanın artan imkanlarını dünyaya nümayiş etdirdi. Xüsusilə MDB ölkələrinin üçüncü Oyunlarının bir neçə şəhərdə keçirilməsi ölkəmizin təşkilati və infrastruktur potensialını açıq şəkildə ortaya qoydu. Bu yarışlar təkcə idman hadisəsi deyil, eyni zamanda regionlarımızın tanıdılması baxımından da əhəmiyyətli oldu.

Bakıda ilk dəfə keçirilən UFC turniri isə Azərbaycanın artıq qlobal idman xəritəsində yeni mərhələyə keçdiyini göstərdi. Dünyanın ən populyar idman brendlərindən birinin ölkəmizi seçməsi təsadüfi deyil. Bu cür yarışlar həm beynəlxalq medianın diqqətini Azərbaycana yönəldir, həm də ölkəmizin müasir, təhlükəsiz və inkişaf etmiş məkan olduğunu təsdiqləyir.

Formula 1 yarışları artıq Azərbaycan üçün təkcə idman tədbiri deyil, həm də uğurlu turizm və təqdimat layihəsidir. Yarışların ölkəyə gətirdiyi turist axını, dünya auditoriyasına göstərilən Bakı mənzərəsi ölkə imicinin formalaşmasında mühüm rol oynayır. Tam satılan biletlər və yüz milyonlarla izləyici Azərbaycanın bu sahədə doğru seçim etdiyini göstərir”.

Deputat əlavə edib ki, qış idman növləri üzrə də Azərbaycan yeni mərhələyə qədəm qoyur:

“Qusarda, Şahdağda keçiriləcək Dünya Kuboku ölkəmizin artıq bu sahədə də iddialı olduğunu sübut edir. Yaradılan infrastruktur yalnız idmana deyil, bütövlükdə regionun iqtisadi canlanmasına, minlərlə yeni iş yerinin açılmasına xidmət edir.

Bütün bu uğurların məntiqi nəticəsi olaraq Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanın idman sahəsində gördüyü işlərə beynəlxalq qiymətin göstəricisidir. Bu status həm böyük şərəf, həm də böyük məsuliyyətdir.

Əlbəttə, bu uğurların mərkəzində idmançılarımız dayanır. Onların əməyi, zəhməti və əzmkarlığı dövlət tərəfindən daim yüksək qiymətləndirilməlidir. Bu sahədə formalaşmış mükafatlandırma ənənəsi Azərbaycan idmanının davamlı inkişafına stimul verir.

Bu gün əminliklə demək olar ki, Azərbaycan idmanı yalnız nəticələrlə deyil, dəyərlərlə, strategiya ilə və gələcəyə hesablanmış baxışla inkişaf edir. Bu yol isə ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti