Bakı. Trend:
Bu gün saat 08:40 radələrində Lənkəran–Lerik avtomobil yolunun 53-cü kilometrində yol-nəqliyyat hadisəsi baş verib. Lerik rayonunun Kələxan kənd sakini Pərvaz Məmmədovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Trend-in məlumatına görə, qəza nəticəsində sürücünün həmkəndliləri olan 6 sərnişindən 2 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimallara görə, yol qəzası sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Hadisə bir daha yorğun və yuxusuz halda avtomobil idarə etməyin həyat və sağlamlıq üçün ciddi təhlükə yaratdığını göstərir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək hərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün verilən tövsiyələrə riayət etməyə çağırıb.
