Bakı. Trend:
2025-ci il ölkəmizin inkişaf salnaməsində uğurlu səhifələrdən biri kimi yazıldı. Ötən bir ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da gücləndi, siyasi, sosial, iqtisadi, mədəni, hərbi və digər sahələrdə nəzərəçarpan irəliləyişlər əldə edildi.
Trend xəbər verir ki, beş il əvvəl Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, Azərbaycanın hərbi gücü daha da artdı. 2023-cü ilin sentyabrında Qarabağda aparılan 24 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Həmin ilin noyabrında Xankəndidə Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.
Qəhrəman əsgər və zabitlərin, şəhidlərin qanı hesabına əldə olunmuş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın ən dəyərli milli sərvətidir. Xalqımız qazanılan tarixi Qələbəni beş ildir qürur hissi ilə qeyd edir. Əvvəlki illərdə olduğu kimi, yola saldığımız 2025-ci il də xalqımızın yaddaşında unudulmaz, tarixi hadisələrlə qalacaq.
Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, bu il silsilə tədbirlər keçirildi.
Eləcə də bu il Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirildi. Həmçinin Azərbaycanda III MDB Oyunları təşkil edildi.
Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Milli Məclisin qəbul etdiyi Amnistiya Aktının icrasına başlanıldı.
Hazırda azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu gün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir, “Böyük Qayıdış” Proqramı icra edilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Böyük Qayıdış yolunda inamlı addımlar atılır, yenidən dirçəldilən Qarabağ və Şərqi Zəngəzurda sakinlər öz ata-baba torpaqlarına qayıdırlar. Bu gün ölkəmizin hər yerində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı böyük əhval-ruhiyyə ilə qeyd edilir. Paytaxt Bakımız da bu bayrama xüsusi hazırlaşıb.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakıda atəşfəşanlıq keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan sakinlər və şəhərimizin qonaqları böyük maraqla izləyiblər.
