Bakı. Trend:
2025-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə kişilərin məişət zorakılğına məruz qalması ilə bağlı 83 müraciət daxil olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat Şöbəsinin Məişət Zorakılığının Qarşısının Alınması Sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bu müraciətlər psixi və iqtisadi zorakılığa məruz qalma olub, fiziki zorakılıqla bağlı heç bir müraciət qeydə alınmayıb:
“Bu məsələni xüsusilə qeyd etmək istərdik. Bəzən statistik rəqəmlər düzgün başlıqla təqdim olunmur. Ona görə də vurğulamaq istəyirik ki, fiziki zorakılığa məruz qalan kişi müraciəti qeydə alınmayıb. Müraciətlərdə kişilər çox zaman ailə üzvləri – ata, qardaş və ya digər qohumlar tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər. Bəzi hallarda bu müraciətlər uşaqlarla bağlı məsələlər – uşaqla görüş və ünsiyyət hüquqları ilə əlaqəli olub”, – deyə qurum rəsmisi bildirib.
