Bakı. Trend:
Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqu Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. Səfir AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova və universitetin nümayəndələri ilə görüşüb.
Görüşdə professor Gülçöhrə Məmmədova ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin universitetlərarası əməkdaşlıqda mühüm rol oynadığını vurğulayıb, AzMİU üçün beynəlxalq əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu bildirib. Rektor Koreya universitetləri ilə mövcud əlaqələrin genişləndirilməsinin və yeni əməkdaşlıqların qurulmasının vacibliyini qeyd edib.
Çıxışında AzMİU-nun 50 illik fəaliyyətinə və Azərbaycanda memarlıq və inşaat təhsilinin 105 illik ənənəsinə toxunan rektor universitetin müasir maddi-texniki bazası, yenilənmiş laboratoriyaları, rəqəmsal texnologiyaların tətbiqi, güclü kadr və elmi potensialı haqqında məlumat verib. Bildirib ki, AzMİU memarlıq, şəhərsalma, inşaat, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri üzrə ölkənin aparıcı kadr hazırlığı mərkəzidir və eyni zamanda informasiya texnologiyaları və digər sahələr üzrə elmi tədqiqatlar aparan mühüm elmi mərkəzdir. Rektor universitetin beynəlxalq reytinqlərdə mövqelərini ardıcıl şəkildə möhkəmləndirdiyini də diqqətə çatdırıb.
Səfir Kanq Kımqu səmimi qəbula görə təşəkkür edərək Koreya universitetləri ilə AzMİU arasında əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduqlarını bildirib. O, əməkdaşlığın mərhələli şəkildə qurulmasını nəzərdə tutan ilkin yol xəritəsi təklif edib. İlkin mərhələdə tələbə və professor-müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə elmi seminar və konfransların təşkili, növbəti mərhələdə isə ikili diplom proqramlarının icrası məqsədəuyğun hesab edilib.
Görüşdə AzMİU nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə əlaqələrin qurulması istiqamətində atılan addımlar barədə məlumat verərək, bu prosesdə Koreya səfirliyinin dəstəyinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, AzMİU Koreya ali təhsil müəssisələrinin memarlıq, şəhərsalma, inşaat və informasiya texnologiyaları sahələrində qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır.
Görüşdən sonra səfir AzMİU-nun Memarlıq və Dizayn fakültələrində olub, fakültələrin maddi-texniki bazası və tədris prosesi ilə tanış olub.
