Bakı. Trend:
2025-ci il ərzində şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 373 nəfər qiymətləndirmə prosesinə cəlb edilib ki, onlardan 11-i Prezident İlham Əliyevin əfv sərəncamı ilə cəza çəkməkdən azad edilən şəxslər olub.
Trend xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Sosial Xidmətlər Agentliyi və Penitensiar Xidmətin birgə əməkdaşlığı çərçivəsində 16 saylı cəzaçəkmə müəssisəsində sosial-psixoloji kabinet fəaliyyət göstərir.
"Həmin kabinet vasitəsilə 2025-ci ildə cəza çəkməkdən azad edilməsinə 3 ay qalmış 82 nəfər məhkum şəxslə ilkin sosial-psixoloji qiymətləndirmə aparılıb. Gələcəkdə bu kimi sosial-psixoloji kabinetlərin sayını artıraraq digər müəssisələri də əhatə etməyi düşünürük.
4 saylı cəzaçəkmə müəssisəsində isə 3 yaşınadək uşağı olan məhkum qadınlarla, eləcə də 1 nəfər Şri-Lanka vətəndaşı olan miqrant məhkumla sosial-psixoloji adaptasiya işi aparılıb"
