Bakı. Trend:
Azərbaycan və Asiya regionu ilə əməkdaşlıqla bağlı keçirilən müzakirələrimiz çox məhsuldar oldu. Orada yeni fikirlər ortaya çıxdı və bu diskussiya həm mətbuat, həm də geniş ictimaiyyət üçün faydalı oldu.
Trend xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə komitənin bugünkü iclasında deyib.
Millət vəkili yaz sessiyasında iki ictimai dinləmənin keçirilməsi ilə bağlı təkliflərini səsləndirib:
“Birinci dinləmənin mövzusu regional dəhlizlər ola bilər. Çünki Azərbaycan hazırda bu istiqamətdə çox böyük işlər görür və Avrasiya regionunda mühüm nəqliyyat və logistika halqasına çevrilir. Zəngəzur dəhlizi sürətlə inkişaf edir. Gürcüstanla əlaqəli dəhlizlərimizdə müəyyən suallar mövcuddur. Orta Asiya ilə əməkdaşlıq çərçivəsində — artıq Azərbaycan Orta Asiya formatına qoşulub — həmin istiqamətdə də dəhlizlər inkişaf edir. O cümlədən yaşıl dəhlizlər, yaşıl energetika və bu kimi mövzular aktuallıq kəsb edir.
Bütün bu məsələlər ətrafında geniş ictimai dinləmənin keçirilməsi məqsədəuyğun olardı. Çünki bəzən hətta qonşu ölkələrdə məlumatın azlığı narahatlıq yaradır və bu da müəyyən hallarda siyasi davranışlarda özünü göstərir. Ona görə regional dəhlizlərlə bağlı açıq və şəffaf ictimai dinləmənin keçirilməsini vacib hesab edirəm”.
Deputat bildirib ki, ikinci təklif etmək istədiyi mövzu isə iqtisadi inkişaf və iqtisadi diplomatiya ilə bağlıdır:
“Azərbaycan hazırda elə bir mərhələdədir ki, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əsas prioritetlərdəndir. İqtisadi inkişafımız artıq təkcə neft sektoruna bağlı deyil. Bu baxımdan, ölkəyə sərmayələrin cəlb olunması, səfirliklərimizin bu istiqamətdə gördüyü işlər, ümumilikdə səfirliklərdə iqtisadi diplomatiyanın hansı səviyyədə qurulması xüsusi diqqət tələb edir.
Bu mövzuda mütləq ictimai dinləmə keçirilməlidir. Çünki ənənəvi olaraq səfirliklərimiz daha çox siyasi və hüquqi məsələlərlə məşğul olurlar. Halbuki iqtisadi diplomatiya anlayışını və praktik fəaliyyətini gücləndirməliyik. Əgər biz doğrudan da Azərbaycana sərmayə, turist, investor cəlb etmək, biznes forumlar və biznes deleqasiyalar təşkil etmək istəyiriksə, səfirliklər bu prosesin mərkəzində olmalıdır”.
