...

Deputat cib bıçaqlarının istifadəsinin qadağan olunmasını təklif edir

Cəmiyyət Materials 22 Yanvar 2026 10:55 (UTC +04:00)
Deputat cib bıçaqlarının istifadəsinin qadağan olunmasını təklif edir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son dövrlərdə gənclər və yeniyetmələr arasında baş verən bıçaqlanma hadisələri artıb. Xüsusilə cibdə gəzdirilən, qatlanan bıçaqların istifadəsi ilə törədilən hadisələrin statistikası artmaqdadır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov komitənin bugünkü iclasında deyib.

Millət vəkili bildirib ki, bu tip bıçaqların daşınmasının, istifadəsinin və satışının qadağan edilməsi məsələsinə ciddi şəkildə baxılmalıdır.

“Mövcud vəziyyət göstərir ki, bir çox ağır hadisələr məhz bu alətlər vasitəsilə baş verir. Bu istiqamətdə atılacaq addımlar gənclər və yeniyetmələr arasında zorakılıq və ölüm hallarının qarşısının alınmasında mühüm rol oynaya bilər.

Eyni zamanda, bəzi oyunlar və digər zərərli təsir vasitələri var ki, onlar insanların, xüsusilə də gənclərin və yeniyetmələrin psixologiyasına ciddi təsir göstərir. Hesab edirəm ki, bu kimi təhlükəli məzmunların da qadağan olunması və ya ciddi nəzarətə götürülməsi böyük əhəmiyyət kəsb edir və mümkün faciəvi halların qarşısını ala bilər”.

Komitənin digər üzvü Mahir Süleymanlı da əlavə edib ki, cib bıçaqlarının satışına müəyyən yaş həddinin qoyulması daha məqsədəuyğun ola bilər:

“Məsələn, 16, 17 və ya 18 yaş həddi müəyyən edilə bilər. Bu alətlərin tam şəkildə qadağan olunması bəlkə də doğru yanaşma olmaz, lakin yaş məhdudiyyəti tətbiq olunarsa, düşünürəm ki, bu sahədə daha effektiv nəticə əldə etmək mümkün olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti