Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, UN-Habitat-ın Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Anna Soave, WUF13-ün Akademik Əməkdaşlıq üzrə məsul şəxsi, UN-Habitat-ın Potensialın Gücləndirilməsi və Təlim Bölməsinin rəhbəri vəzifəsini icra edən Raphaëlle Vignol, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrə meneceri Cəmilə İsmayılzadə, eləcə də AzMİU-nun nümayəndələri iştirak ediblər.
Görüş zamanı Ümumdünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində akademik əməkdaşlıq imkanları, universitetlərin forum prosesində iştirakı, elmi-tədqiqat və təhsil müəssisələrinin qlobal şəhərsalma gündəliyinə töhfə mexanizmləri müzakirə olunub. AzMİU-nun şəhərsalma, memarlıq və davamlı inkişaf sahələrində elmi və praktiki potensialının WUF13 platformasında təqdim edilməsi, universitetin forumda aktiv iştirak imkanları diqqət mərkəzində olub.
Tərəflər WUF13 çərçivəsində birgə tədbirlərin, akademik sessiyaların, elmi müzakirələrin və təcrübə mübadiləsinin təşkili perspektivlərini müsbət dəyərləndirərək əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Görüş qarşılıqlı fikir mübadiləsi və real əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə yekunlaşıb.
