Bakı.Trend:
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının fəaliyyətə başlaması ilə əlaqədar BANM-də açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, tədbirdə XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, BANM-in rektoru Elmar Qasımov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov, Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Buxarest) elmi direktoru Carmen Elena Cirnu və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən XRİTDX-nin rəisi İlqar Musayev “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının XRİTDX ilə BANM arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində və Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın aidiyyati tələblərinin icrası çərçivəsində qurulduğunu qeyd edib. Eləcə də, sözügedən Strategiyanın müvafiq bəndinin icrası çərçivəsində laboratoriyanın texniki imkanlarının artırılması üçün xüsusi proqram təminatları və əlavə avadanlıqlarla təmin edilməsi üzrə işlərin İqtisadiyyat Nazirliyi ilə birgə davam etdirildiyi vurğulanıb.
İ.Musayev XRİTDX-nin milli informasiya təhlükəsizliyinin təmin olunmasında institusional lider kimi kadr hazırlığı və bilik ekosisteminin formalaşdırılmasının əsas prioritet istiqamətlərdən biri olduğunu iştirakçıların diqqətinə çatdırıb. Eləcə də, BANM-də yaradılmış laboratoriyanın bu siyasətin praktik nəticəsi olmaqla, dövlət qurumunun əməliyyat təcrübəsi ilə ali təhsil mühitinin akademik potensialını birləşdirən konkret infrastruktur həll olduğunu vurğulanıb.
Xidmət rəisi bildirib ki, NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində XRİTDX-nin və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan “Cyber Polygon” layihəsi beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən qabaqcıl kibertəlim və sınaq platformasıdır. Onun sözlərinə görə, bu platforma vasitəsilə kritik informasiya infrastrukturlarına yönəlmiş real kiberhücum ssenariləri modelləşdirilir, müdafiə mexanizmləri sınaqdan keçirilir və insidentlərə operativ reaksiya bacarıqları formalaşdırılır.
Təməli qoyulan laboratoriya sadəcə universitetdə təhsil alan tələbə, müəllim və tədqiqatçılar üçün deyil, eləcə də dövlət qurumları əməkdaşlarının beynəlxalq standartlara uyğun kiberinsident ssenariləri üzərində birgə işləmək, tərəfimizdən təşkil olunacaq təlimlərdə iştirak etmək, praktik təcrübələri əldə etmək imkanına malik olacaqlar.
Bu yanaşma laboratoriyanı yalnız tədris məkanı deyil, eyni zamanda kibertəhlükəsizlik üzrə əməliyyat hazırlığının yoxlanıldığı və təkmilləşdirildiyi test platformasına – kadr hazırlığı bazasına çevirir.
Açılış mərasimində çıxış edən SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə bildirib ki, BANM-də yaradılmış “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ali təhsil müəssisəsində informasiya təhlükəsizliyi sahəsində praktik yönümlü tədrisin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, laboratoriyanın fəaliyyətə başlaması ali təhsil müəssisəsində informasiya təhlükəsizliyi sahəsində praktik yönümlü tədrisin inkişafına şərait yaradır. E. Qasımov vurğulayıb ki, tədbirin Azərbaycan Gəncləri Gününə təsadüf etməsi xüsusi rəmzi məna daşıyır və yaradılmış bu mühit gənclərin müasir texnoloji biliklərə yiyələnməsi, real sınaq platformalarında təcrübə qazanması və gələcəkdə ölkənin kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssislər kimi formalaşması baxımından əhəmiyyətlidir. Rektor dövlət qurumu ilə ali təhsil müəssisəsi arasında qurulan bu əməkdaşlıq modelinin elmi potensialın gücləndirilməsinə və tədris prosesinin müasir tələblərə uyğunlaşdırılmasına mühüm töhfə verdiyini bildirib.
Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Bucharest) elmi direktoru Carmen Elena Cirnu çıxışında “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında praktik təcrübənin tərkib hissəsi olmaqdan məmnun olduğunu ifadə edərək, NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində XRİTDX-nin və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan “Cyber Polygon” layihəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, layihə kibertəhlükəsizlik sahəsində simulyasiya əsaslı təlim və test mexanizmlərini birləşdirən müasir platforma olmaqla, iştirakçılara real kiberhücum ssenariləri üzərində praktiki bacarıqların formalaşdırılması imkanı yaradır. Cirnu vurğulayıb ki, “Cyber Polygon” vasitəsilə "scada" kimi kritik informasiya sistemlərinin virtual mühitdə bənzəri yaradılmaqla real sistemləri təhlükəsizllik testlərinə məruz qoymadan, həmin sistemlərin virtual “əkizləri” üzərində testlər aparıla, təhlükəsizlik boşluqları aşkarlana biləcəkdir. Platformanın XRİTDX tələblərinə uyğun olaraq lokal qapalı serverlər üzərində qurulması və istifadəsi isə platformada aparılacaq həssas simulyasiyaların belə konfidensiallığına zəmanət verəcəkdir.
