...

Yerin təki sahələrinin rekultivasiyası həyata keçiriləcək

Cəmiyyət Materials 17 Fevral 2026 12:05 (UTC +04:00)
Yerin təki sahələrinin rekultivasiyası həyata keçiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yerin təki sahələrinin rekultivasiyası həyata keçiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirə olunan “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, yerin təki istifadəçiləri işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə həmin torpaqların rekultivasiyasını rekultivasiya planı əsasında təmin etməlidirlər.

Rekultivasiya planı faydalı qazıntıların istismarını, eləcə də yeraltı qurğuların tikintisini və istismarını həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən yerin təkindən istifadə hüququ əldə edildikdən sonra 3 ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rekultivasiya planına dair dövlət ekoloji ekspertizasının müsbət rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməlidir.

Yerin təkindən istifadə sahəsinin xüsusiyyətləri, süxurların kimyəvi tərkibi, çirklənmənin növündən asılı olaraq rekultivasiyanın üsulları (mexaniki, bioloji, kimyəvi, termik) və istiqamətləri, o cümlədən müddəti müəyyənləşdiriləcək, istismarın dərinliyi, faydalı qazıntının növü və istismar ediləcək həcmə uyğun olaraq rekultivasiya planı tərtib ediləcək.

Rekultivasiya planı hazırlanarkən aşağıdakılar nəzərə alınacaq:

  • torpağın münbit qatının həcmi və götürüləcək torpağın toplandığı ərazi;
  • faydalı qazıntıların və yanakı süxurların xüsusiyyətləri;
  • ərazinin hidrogeoloji və mühəndis-geoloji şəraiti;
  • süxurların saxlanılma dövründə öz xüsusiyyətlərini dəyişməsinin mümkünlüyü və ətraf mühitə təsiri;
  • yeraltı suların çirklənməsinin yolverilməzliyi;
  • faydalı qazıntıların istismarının müddəti;
  • bərpanın üsulları və ardıcıllığı;
  • bərpa müddəti.

Yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrə rekultivasiya qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti