Bakı. Trend:
Azyaşlıların sosial mediadan istifadəsini tənzimləyən qanunun qəbul edilməsi mütləqdir. Hətta sosial platformaları yaradan və formalaşdıran bir çox inkişaf etmiş ölkələrdə belə, uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilib.
Bu barədə Trend-ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev məlumat verib.
Onun sözlərinə görə, uşaqların müdafiəsi ilə sosial mediadan düzgün istifadə anlayışını bir-biri ilə qarışdırmaq olmaz.
"Əlbəttə ki, uşaqların təhlükəsizliyi təmin edilməlidir, eyni zamanda onların rəqəmsal mühitdən düzgün və məqsədli şəkildə istifadə etməsi də vacibdir. Bu baxımdan müəyyən məhdudiyyətlərin tətbiqi zəruridir.
İlkin mərhələdə bu məsuliyyət ailənin üzərinə düşür. Uşağa telefon, planşet və ya kompüter verildikdə valideyn nəzarəti mütləq olmalıdır. Valideynlər uşağın sosial mediadan necə istifadə etdiyini izləməli və düzgün yönləndirməlidirlər.
Daha sonra isə dövlət tərəfindən qanunvericilik çərçivəsində tənzimləmələr həyata keçirilməlidir. Xüsusilə azyaşlıların sosial mediada ciddi risklərlə üzləşməsi, neqativ məzmunların onların həyatına mənfi təsir göstərməsi və məktəblilər arasında kibertəhlükəsizlik problemlərinin artması bu sahədə hüquqi addımların vacibliyini göstərir. Məktəblilər arasında baş verən zorakılıq, alçaldıcı davranışların sosial şəbəkələrdə paylaşılması kimi hallar da ciddi narahatlıq doğurur. Bu baxımdan İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişikliklərin edilməsi və valideyn məsuliyyətinin dəqiq şəkildə müəyyənləşdirilməsi vacibdir. Uşaqlara həddindən artıq sərbəstlik vermək nə dərəcədə doğrudur? Bu sual ciddi şəkildə düşünülməlidir. Əgər bir uşaq gələcəkdə cəmiyyətə faydalı, yaradıcı və məsuliyyətli bir fərd kimi yetişməyəcəksə, onun nəzarətsiz azadlığı cəmiyyət və dövlət üçün nə qədər faydalı ola bilər?"
O bildirib ki, buna görə də məktəblilərin sosial mediadan istifadəsini tənzimləyən qanunun qəbulu zəruridir və bu, qaçılmaz bir ehtiyacdır.
"Çünki uşaqlar və gənclər ölkənin gələcəyidir, dövlətin dayaq sütunudur. Onların düzgün istiqamətdə formalaşması üçün sistemli addımlar atılmalıdır. Əgər uşaq sosial mediada zərərli mühitə yönəlir, neqativ davranışları nümunə götürür və ya bu cür davranışları yayırsa, bu, onun şəxsiyyət kimi formalaşmasına ciddi zərər vurur. Bu halda müəyyən məhdudiyyətlərin tətbiqi qaçılmaz olur.
Azyaşlıların düzgün yetişməsi, cəmiyyətə və dövlətə faydalı fərd kimi formalaşması üçün sosial medianın rolu həm müsbət, həm də mənfi ola bilər. Sosial media vacib vasitədir, lakin onun düzgün istifadəsi mütləq şəkildə təmin edilməlidir. Yanlış yönləndirmə ciddi fəsadlara gətirib çıxara bilər və bu, böyük təhlükə yaradır.
Dünyanın bir çox ölkələrində, xüsusilə Avropa və Amerikada, azyaşlıların sosial mediadan istifadəsi ilə bağlı ciddi tənzimləmələr və məhdudiyyətlər tətbiq olunur. Hətta bəzi Orta Asiya ölkələrində də bu istiqamətdə qanunvericilik tədbirləri görülmüşdür", - Ramin Nurəliyev vurğulayıb.
