Azərbaycanda səfərdə olan ABŞ-ın "Assoşieytid Press" İnformasiya Agentliyinin keçmiş əməkdaşı, Iaşinqton Universitetinin professoru Mayron Belkaynd yanvarın 10-da və 11-də Mətbuat Şurasının sədri ilə, həmçinin, bir neçə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Trend in məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşündə qonaq Azərbaycan mediasının müasir durumu, həmçinin, Şuranın gördüyü işlər barədə məlumat alıb. Ə.Amaşov Azərbaycanda 6 noyabr parlament seçkilərində mətbuatın fəaliyyəti barədə məlumat verib, o cümlədən mətbuatın çoxsaylı problemləri haqqında danışıb. M.Belkaynd şəxsi təcrübəsinə əsaslanaraq dünyanın bir çox ölkələrində media ilə bağlı problemlərin oxşarlığına diqqət çəkib. Tərəflər mövcud vəziyyətdən çıxış yolları barədə müzakirələr aparıb.
M.Belkaynd daha sonra Zərdabi Mətbuat Mərkəzində olub, qurumun sədri İbrahim Məmmədli ilə görüşüb. İ.Məmmədli qonağın diqqətinə çatdırıb ki, ötən il respublikada parlament seçkilərilə əlaqədar siyasi aksiyalar geniş vüsət aldığından həmin proseslərdə jurnalistlərə qarşı müəyyən təzyiq faktları qeydə alınıb.
M.Belkaynd ABŞ-da KİI əməkdaşlarının hüquqlarının müdafiəsilə bağlı təşkilatların fəaliyyətinə toxunaraq bildirib ki, jurnalistika dinamik sahə olduğundan bu məsələ bütün dövrlər üçün aktualdır. M.Belkaynd Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu ilə də görüş keçirib.
Amerialı jurnalist yanvarın 11-də Trend Analitik İnformasiya Agentliyinin də qonağı olub. M.Belkayndın agentliyin direktoru İlqar Hüseynovla görüşündə Azərbaycanda medianın durumu, informasiya agentlikliklərinin fəaliyyəti və təcrübəsi barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, artıq Azərbaycanın bir neçə kütləvi informasiya vasitələrində görüşlər keçirmiş amerikalı qonağın həftə ərzində digər media orqanları ilə də görüşləri davam edəcək. Onun Azərbaycana səfəri bu həftənin sonunadək davam edəcək. Səfərdə məqsəd keçid dövründə yaşayan Azərbaycan jurnalistikası ilə tanışlıq və onun inkişafına yardımçı olmaqdır.