Aprelin 25-də günün ikinci yarısında Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Çon-Vuk Li Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb. Bu barədə Trend ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı nazir ölkənin səhiyyə sahəsində aparılan islahatlar barədə nümayəndəyə məlumat verib və baş direktorun məhz bu dövrdə səfərinin mühümlüyünü vurğulayıb. "Mən inanıram ki, gələcəkdə səhiyyə sahəsində həyata keçiriləcək proqramlar çərçivəsində ÜST ilə nazirlik arasında daha sıx əlaqələr qurulacaq",- deyə O.Şirəliyev qeyd edib.
Çon-Vuk Li Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlardan razı qaldığını bildirib. "İslahatlaşdırma çox mürəkkəb mərhələdir və çoxlu səy tələb edir. Azərbaycan ÜST-nin yardımına həmişə arxayın ola bilər", - deyə təşkilat rəhbəri bildirib.
Onun sözlərinə görə, "quş qripi" ölkələrin bütün zəif və güclü cəhətlərini üzə çıxardı. Ancaq Azərbaycan bu işdə uğur qazana bildi.
Ç.V.Li Azərbaycana aprelin 25-də səhər gəlib.