...

Hacı Məmmədovun məhkəməsində Elşən Mirzəyevin vəkili müttəhimə bəraət tələb edib

Cəmiyyət Materials 14 Sentyabr 2006 18:07 (UTC +04:00)

Sentyabrın 14-də Hacı Məmmədovun məhkəməsində təqsirləndirilən şəxslərdən Elşən Mirzəyevin vəkili Ülvi Yusifov məhkəmə qarşısında vəsatət qaldıraraq müttəhim barəsində cinayət təqibinə xitam verilməsini tələb edib. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

"Elşən Mirzəyev dəstənin digər üzvləri Sidek Abdulvahabovla Aslanbek Çintamirovun ibtidai istintaqa verdikləri ifadələr əsasında həbs edilib. Lakin hər iki təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək bildiriblər ki, ibtidai istintaq zamanı onlardan Elşən Mirzəyevin də törədilən cinayətlərdə iştirak etməsi barədə saxta ifadələr alınıb. Belə ki, təqsirləndirilən şəxslərin etiraf etdiyinə görə, Elşən Mirzəyev heç bir cinayətdə iştirak etməyib. Belə olan halda onun barəsində cinayət təqibinə və məhkəmə istintaqına xitam verilməlidir" - deyə vəkil vəsatətində bildirib.

Digər təqsirləndilirən şəxslər və vəkillər vəkil Ülvi Yusifovun vəsatətini dəstəkləyiblər. Məhkəmə heyəti vəsatəti müzakirə etmək və qiymət vermək üçün məhkəmə iclasına sentyabrın 15-nə qədər fasilə verərək müşavirəyə gedib.

Xəbər lenti

Xəbər lenti