...

Beynəlxalq Bankın keçmiş əməkdaşı: Rövşən Əliyev ört-basdır etdiyi böyük bir cinayətə görə bank vasitəsilə 1 milyon dollar əldə etməli idi

Cəmiyyət Materials 19 Oktyabr 2006 14:16 (UTC +04:00)

Oktyabrın 19-da məhkəmədə ifadə verən Hacı Məmmədovun bacısı oğlu, Beynəlxalq Bankın Sabunçu rayon filialının keçmiş direktor müavini Elçin Əliyev bildirib ki, Respublika Baş Prokurorluğunun şöbə rəisi işləmiş və dəstə tərəfindən qətlə yetirilmiş Rövşən Əliyev ört-basdır etdiyi böyük bir cinayətə görə bank vasitəsilə 1 milyon dollar əldə etməli idi. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

E.Əliyev bildirib ki, Rövşən Əliyev ölümündən bir müddət əvvəl onun yanına gəlib və bank köçürmələri barədə onunla məsləhətləşib. "Rövşən Əliyev məndən hesab açdırmağın qaydasını soruşdu. Söhbət əsnasında bildirdi ki, iri bir xarici şirkətin irihəcmli vergi cinayətinin ört-basdır edilməsinə köməklik göstərib. Həmin şirkətin rəhbəri də bunun müqabilində ona xaricdən bank vasitəsilə 1 milyon dollar ödəyəcyinə söz verib. Mən ona hesab açdırmağın yollarını başa saldım və çıxıb getdi" - deyə E.Əliyev söyləyib.

Elçin Əliyev həmçinin ifadəsində göstərib ki, onların dəstəsi tərəfindən oğurlanmış Məcid Məmmədov oğurlanmamışdan əvvəl Beynəlxalq Bankdan 30 min dollar məbləğində kredit götürübmüş. "Məcid Məmmədov girov saxlandığı müddətdə həmin kreditin faizləri ödənilməmiş qalmışdı. Mən Məcid Məmmədova kredit verilməsini bizdən xahiş edən şəxsə zəng vurub bu barədə dedim. Məcid Məmmədov girovluqdan azad edilənə qədər kreditin faizlərini həmin şəxs ödədi" - deyə E.Əliyev bildirib.

Məhkəmə iclası E.Əliyevin dindirilməsi ilə davam edir.

Xəbər lenti

Xəbər lenti