...

Nuşirəvan Məhərrəmli: "2007-ci ilin əvvəlində Azərbaycanla Türkiyə arasında teleradio sahəsində əməkdaşlığa dair niyyət protoklu imzalanacaq"

Cəmiyyət Materials 18 Dekabr 2006 13:02 (UTC +04:00)

2007-ci ilin əvvəllərində Azərbaycanla Türkiyə arasında teleradio sahəsində əməkdaşlığa dair niyyət protoklu imzalanacaq. Bu barədə Trend ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

O bildirib ki, 2007-ci ilin yaz aylarında Türkiyənin böyük bir nümayəndə heyəti Azərbaycana səfər edəcək. Səfər zamanı Bakıda ölkələr arasında niyyət protokolu imzalanacaq. Protokol hər iki ölkənin televiziya və radio yayımı sahəsində tərəfdaşlığını, məlumat mübadiləsini, əməkdaşlığın müxtəlif formalarını nəzərdə tutur.

Bu məsələlər Nuşirəvan Məhərrəmlinin bu günlərdə Türkiyəyə səfərində keçirdiyi görüşlərdə də müzakirə olunub. Şura sədrinin sözlərinə görə, Azərbaycan Teleradio Şurasının xarici telekanalların yayımına dair çıxardığı yeni qərarlarla Türkiyə tərəfini tanış edib və onlar bunu müsbət qarşılayıblar: "Hamısı razılaşdılar ki, yerli telekanallarda xarici kanalların yayımı aparılmamalıdır. Dünya təcrübəsində də belə tətbiq olunur ki, xarici kanallar peyk və kabel vasitəsilə yayımlanmalıdır".

N.Məhərrəmlinin sözlərinə görə, hər hansı xarici kanalla bağlanmış ölkələrarası müqavilədə onun yerli tezlikdə yayımlanması göstərilibsə, bu kanal öz tezliyində yayımı davam etdirəcək. Lakin qalan hallarda xarici kanalların yayımı sərtləşdiriləcək. N.Məhərrəmli qeyd edib ki, Azərbaycanda yayımlanan bütün xarici telekanllarla 90-cı illərin əvvəlində müqavilələr bağlanılıb. Lakin televiziya yayımı lisenziyalaşdırılan fəaliyyət sahəsi olduğundan müəyyən müddətdən sonra onun lisenziyası yeniləşdirilməli, müasir tələblərə uyğunlaşdırılmalıdır. Buna görə də Azərbaycanın Nazirlər Kabineti yeni lisenziya dəyəri müəyyən etdikdən sonra gələn ildən həm yerli tezlikdə, həm də kabel və peyklə yayımlanacaq xarici kanallara lisenziya verilməsi məsələsinə baxılacaq. Şura sədrinin sözlərinə görə, yerli tezlikdə yayımlanın xarici kanalların lisenziya haqqı ilə kabel və peyklə yayımlananlar arasında fərqlər olacaq.

Xəbər lenti

Xəbər lenti