...

İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi məhkəmələrin monitorinqinə dair hesabat hazırlayıb

Cəmiyyət Materials 30 Dekabr 2005 12:51 (UTC +04:00)

İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi 2005-ci ilin iyun-dekabr ayları ərzində Azərbaycan məhkəmələrinin monitorinqinə dair hesabat hazırlayıb. Bu barədə Trend ə Komitənin sədri Akif Əlizadə məlumat verib.

Layihə çərçivəsində hüquqşünaslardan ibarət qrup iyunun 13-dən başlayaraq ayda bir dəfə regionlara səfər edib və bir neçə rayon məhkəməsində monitorinq aparıb. Dekabrın 10-na qədər 28 rayon məhkəməsində monitorinq aparılıb.

Monitorinq zamanı müəyyən edilib ki, rayon məhkəmələri hakimlərinin xeyli hissəsi işə vaxtında gəlmir. Belə ki, məhkəmələrdə iş vaxtı 09.00-da başlasa da, hakimlər işə saat 10.00 radələrində gəlirlər.

Bütün rayon məhkəmələrində işə baxılması təyin edilən vaxtda başlanmır. Bu nöqsanı hakimlər özləri də etiraf edir və bunun səbəbinin onlardan asılı olmadığını bildirirlər. Müəyyən edilib ki, cinayət işləri üzrə məhkəmə iclaslarının təyin olunmuş vaxtda başlamamasının səbəbi prosesdə dövlət ittihamını müdafiə edən prokurorların iş rejimi ilə bağlıdır. Respublika Prokurorluğunun Dövlət İttihamını Müdafiə İdarəsinin rayonlardakı dövlət ittihamçıları eyni vaxtda 2-3 rayonda işləyir.

Əksər rayon məhkəmələrində ayrı-ayrı hallar istisna olmaqla məhkəmə prosesləri məhkəmə iclas zalında yox, hakimlərin xidməti kabinetlərində keçirilir.

Xanlar rayon Məhkəməsində bir məhkəmə zalı var. Bu zalda isə məhkəmə hakimiyyətinin atributları yoxdur. Monitorinq zamanı müəyyən edilib ki, Dəvəçi, Xanlar, Qax, Oğuz, Siyəzən və digər rayon məhkəmələrində isə müşavirə otağı yoxdur.

Məhkəmələrin monitorinqinə dair geniş hesabat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti