...

Sumqayıtdakı "Sintezkauçuk" zavodunda baş vermiş partlayışla bağlı istintaq uzadılıb

Cəmiyyət Materials 28 Mart 2007 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Sumqayıt şəhərində yerləşən "Azərkımya" Dövlət Şirkətinin "Sintezkauçuk" zavodunun Yeni Butadien sexinin 1-ci korpusunda baş vermiş güclü partlayışla bağlı cinayət işinin istintaqı 2 ay uzadılıb. Sumqayıt şəhər prokurorluğundan Trend ə bildirilib ki, cinayət işi üzrə təqsirləndirilənlərdən bir neçəsi barəsindəki istintaq yekunlaşmalı və baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilməliydi. Lakin ekspertizaların rəyi hazır olmadığından istintaq müddəti uzadılıb. İstintaqın mayda yekunlaşacağı nəzərdə tutulub.

Dekabrın 29-da baş vermiş məlum hadisə ilə bağlı zavodun direktor əvəzi və baş mühəndisi İxtiyar Balakişiyev, sex rəisi İxtiyar Şahverdiyev və növbə rəisi Mətləb Şahmuradov yanvarın 6-da həbs ediliblər. İ. Balakişiyev CM-nin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan səhlənkarlıq), sex rəisi İxtiyar Şahverdiyev və Mətləb Şahmuradov isə CM-nin 162.2-ci (ehtiyatsızlıqdan insan ölümünə səbəb olan əmək mühafizəsi qaydalarını pozma) və 223.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunublar.

Partlayış zamanı zavodun işçiləri Samirə Şıxəliyeva və Şükufə Mustafayeva hadisə yerində ölüb, Qafur Əliyev, Əntiqə Babayeva, Fikrət Həsənov və Salam Əhmədov ağır dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Qafur Əliyev yanvarın 1-də, Fikrət Həsənov isə yanvarın 6-da xəstəxanada vəfat ediblər.

Xəbər lenti

Xəbər lenti