Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsi R.Əliyevin ifadəsi ilə davam edib.
R.Əliyevə qarşı irəli sürülmüş ittihamlara görə, o, 2001-ci ilin dekabr ayından 2005-ci ilin oktyabr ayına gədər "Azər Trans Ltd", "Azpetrol Ltd", "Azpetrol neft şirkəti", "Azinvest əmlak xidmətləri", "Aqroimport" və "Prestij" MMC-yə rəhbərlik edərkən qardaşı F.Əliyevlə əlbir olaraq vergidən yayınmaqla dövlət büdcəsindən külli miqdarda pul vəsaiti yayındırıb. Digər ittihama görə isə o, "Azpetrol Ltd" MMC lisenziya tələb olunduğu halda, lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Məhkəmədə ittihamlarla razılaşmadığını bildirən R.Əliyev həm qardaşı F.Əliyevin, həm də öz həbsinin sifarişli olduğunu söyləyib.
Qeyd edək ki, R.Əliyev həmçinin 30 min ABŞ dollarını gizli yolla Azərbaycandan kənara çıxartmağa cəhddə təqsirli bilinir. R.Əliyev isə ifadəsində göstərib ki, Bina hava limanında onun çantasından tapılan 30 min ABŞ dollarını çantaya məqsədli şəkildə qoyublar və onun bundan xəbəri olmayıb.
Məhkəmə iclası davam edir.