Azərbaycan, Bakı / Trend müxbir K.Zərbaliyeva/ Daxi İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclasının qərarından verilən kassasiya şikayəti təmin olunmayıb. Çərşənbə axşamı Ali Məhkəmədə hakim Nəriman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclasının qərarı qüvvədə saxlanılıb. Vəkil Adil İsmayılov Trend ə bildirib ki, Apellyasiya Məhkəməsində işə baxacaq hakim də hələlik müəyyənləşdirilməyib.
Apellyasiya Məhkəməsində hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclasında təqsirləndirilən şəxslər və vəkillərin verdikləri vəsatətlər təmin olunmamışdı. Onlar vəsatətlərində cinayət işinin təkrar məhkəmə baxışına göndərilməsini istəyirdilər.
Hazırlıq iclasının qərarından kassasiya şikayəti verildiyindən apellyasiya şikayəti üzrə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. İşə baxan hakim Yusifov isə Ali Məhkəmənin hakimi təyin edildiyindən Məmmədov və digərlərinin apellyasiya şikayətinə baxacaq hakim dəyişdiriləcək.
Artıq bu iş üzrə şikayətə Bakı şəhər Apellyasiya Məhkəməsində baxılacaq.
Çoxsaylı qətllərdə, adam oğurluğunda ittiham olunan Məmmədov məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.