...

Azərbaycan təşkilatı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yerevan nümayəndəliyini ermənilərlə iş birliyində ittiham edir

Cəmiyyət Materials 24 Avqust 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın içtimai təşkilatı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yerevan nümayəndəliyinin əməkdaşlarını ermənilərlə iş birliyində ittiham edir. Bu barədə "Həsrət yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova azərbaycanlı əsir Samir Mammədovla bağlı erməni mətbuatında yayılan məlumatları şərh edərkən açıqlama verib.

Erməni mənbələrinin məlumatına görə, Məmmədov Hərb və Sülh Jurnalistikası İnstitutunun İrəvan nümayəndəliyinin əməkdaşına müsahibə verib. "AZG" qəzetində dərc olunmuş müsahibədə Məmmədov Azərbaycana qayıtmaqdan imtina edərək Ermənistanda yaşamaq istədiyini bildirib. Mənbənin məlumatına əsasən, Məmmədov Ermənistan prezidentinə müraciət edərək Azərbaycana qayıtmaqdan imtinasının səbəbini qayıtdıqdan sonra Azərbaycanda vətənə xəyanət ittihamı ilə 15-20 il müddətinə həbs olunacağı ilə izah edib. Əsir həmçinin yetim olduğunu, uşaq evində böyüdüyünü əsas gətirərək valideynləri adından yazılan məktublardan imtina etdiyini deyib.

Orucova bildirib ki, BQXK-nin Yerevan ofisinin əməkdaşları ermənilərlə əlbirdir: "Erməni əsirliyindən qayıdan azərbaycanlılar bizimlə söhbətlərində bildirib ki, əsirlikdə BQXK-nin əməkdaşları ilə ilk görüşlərində onlara Ermənistanda qalmaq və ya başqa ölkəyə getmək barədə təkliflər olunur. Son anda isə onlara vətənlərinə qayıtmaq hüquqları xatırlanır və bildirilir ki, Azərbaycana qayıtsalar onları həbsxana gözləyir".

Təşkilat sədri Orucova bildirib ki, indiyədək 1391 Azərbaycan vətəndaşı əsir və girovluqdan qayıdıb. Onlardan yalnız 26-sı cinayət məsuliyyətinə cəlb olunub: "Bu şəxslər isə əsirlikdə həmvətənlərimizə işgəncə verənlər, ermənilərlə iş birliyi quranlar və Azərbaycanda cinayət edib Ermənistana qaçanlardır".

Məmmədovun valideyinlərinin olmaması ilə bağlı məlumata gəldikdə Orucova bildirib ki, əsirlərin yazdıqları, eləcə də onlara göndərilən məktublar BQXK-nin xüsusi blanklarında yazılır: "BQXK-nın İrəvan nümayəndəliyi bu məktubu göndərirsə, yaxşı bilir ki, Samirin ailəsi var".

Ötən ilin dekabrında ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan Ordusu əsgərinin Ermənistan mətbuatında dərc olunmuş müsahibəsindəki fikirlər əsgərin valideynləri tərəfindən təkzib olunur. Əsir Məmmədovun əmisi Vidadi Məmmədov cümə günü Trend ə müsahibəsində bunu Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı kimi qiymətləndirib.

Əsirin əmisi Samirin Azərbaycana qaytarılması istiqamətində görülən işlərə əngəl yaratmaq məqsədilə Ermənistanın belə bir təxribata əl atdığına əmindir: " Samirin oxuduğu məktəbdən, yaşayış yerindən müvafiq sənədlər toplanılıb və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cenevredəki baş ofisinə təqdim olunub".

Bir qədər əvvəl Azərbaycanın Ombudsmanı Elmira Suleymanova BQXK-nin prezidenti Yakob Kellenberqə müraciət edərək Məmmədovun valideynlərini itirməsini təkzib edən sənədlər təqdim edib.

BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Gülnaz Məmmədova bildirib ki, təşkilat bu məsələ ilə bağlı şərh verə bilməz. "Biz yalnız əsirlərin saxlanma şəraiti, psixoloji durumları barədə monitorinqlər aparır, əsirlərin ailələri ilə məktublaşmasına şərait yaradırıq. Əsirlərin öz ölkəsinə qaytarılması, onların üçüncü ölkəyə verilməsi məsələsi bizim səlahiyyətimizdə deyil".

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Qazax rayonundakü N saylı hərbi hissənin əsgəri, Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Azərbaycan Silahlü Qüvvələrinin əsgəri, kiçik çavuş Samir Məmmədov ötən il dekabrın 24-də xidmət etdiyi hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhədində ermənilər tərəfindən əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti