...

"Qarabağ"ın "kitabı bağlandı"

İdman Materials 11 May 2012 19:26 (UTC +04:00)
Bu gün Unibank Premyer Liqasında sonuncu - 32-ci turun oyunları keçirilib.
"Qarabağ"ın "kitabı bağlandı"

Azərbaycan, Bakı, 11 may /Trend/

Bu gün Unibank Premyer Liqasında sonuncu - 32-ci turun oyunları keçirilib.

Trend-in məlumatına görə, ilk "altılığ"a təsadüf edən bütün görüşlər eyni vaxtda başlayıb. Artıq çempionluğunu rəsmiləşdirən "Neftçi" doğma meydanda Avrokuboklara vəsiqə qazanmaq şansını itirmiş "Qəbələ" ilə qarşılaşıb. Formal xarakter daşıyan matçın 85-ci dəqiqəsində Ürfan Abbasov "Qəbələ"nin qələbə topuna imza atıb - 0:1.

Turun mərkəzi qarşılaşması Lənkəranda baş tutub. Burada yerli "Xəzər Lənkəran" klubu "Qarabağ"ı qəbul edib. Avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan hər iki komandanın görüşü gərgin mübarizə şəraitində keçib. Lənkəranlılar artıq matçın I hissəsində hesabı 3:0-a çatdırıblar - Sadio Tounkara, 7 (1:0), Rendal Brenes, 22 (2:0), Eder Bonfim, 32 (3:0).

İkinci hissədə Bonfim dubla imza ataraq fərqi daha da artırıb (4:0). Qarabağlıların cavabı isə 70-ci dəqiqədə Rauf Əliyevin penalti zərbəsindən gəlib. Buna qədər isə "Xəzər Lənkəran"ın heyətində Elvin Beqiri qırmızı vərəqə alıb.

"Şəfa" stadionunda baş tutan görüşdə isə "İnter" "Bakı"nı qəbul edib. "Qarabağ"ın məğlub olmağından ruhlanan "İnter" futbolçuları "Bakı"ya minimal hesabla qalib gəlməyi bacarıblar - Baçana Sxadadze, 65 (1:0).

Beləliklə, "Qarabağ" klubu Avrokuboklara vəsiqə qazana bilmədi. Bu il UEFA Avropa Kubokunda ölkəmizi "Bakı" ilə yanaşı, "Xəzər Lənkəran" və "İnter" təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti