...

Azərbaycanın ən böyük şirkətləri Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyini rəsmən dəstəklədilər

İdman Materials 18 May 2012 17:12 (UTC +04:00)
Azərbaycanın ən böyük şirkətləri Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyini rəsmən dəstəklədiklərini bildirdilər.
Azərbaycanın ən böyük şirkətləri Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyini rəsmən dəstəklədilər

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın ən böyük şirkətləri Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyini rəsmən dəstəklədiklərini bildirdilər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Hava Yolları (AZAL) və ölkənin ən böyük mobil operatoru "Azercell" şirkətinin rəhbərləri Bakı-2020 layihəsini dəstəklədiklərini elan etdilər.

"Dövlət Neft Şirkəti ölkəmizin enerji resurslarından əldə olunan gəlirlərin xalqımızın rifahı və dövlətimizin inkişafına yönələn hökumət strategiyasını həyata keçirən aparıcı qüvvədir. Azərbaycan hökuməti ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmaq üçün bir çox işlər görür. Bakımızın 2020-ci il Olimpiya Oyunlarına namizədliyi isə bizə bu inkişaf prosesini sürətləndirmək, Azərbaycanı dünyanın idman və turizm mərkəzlərindən birinə çevirmək, ölkəmizdə sağlam həyat tərzini inkişaf etdirmək üçün gözəl imkan yaradır", - ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov AZAL-ın Bakı-2020 layihəsinə dəstəyini şərh edərək deyib ki, dövlətimizin strateji hava nəqliyyatı şirkəti olan AZAL Azərbaycanın turizm imkanlarının təbliğinə böyük önəm verir. 2011-ci ildə Azərbaycana səfər edən turistlərin sayı 2 milyonu keçərək rekord göstəriciyə çatıb. Şərqlə Qərb arasında yerləşən Bakı qədim mədəniyyət və tarixlə yanaşı, eyni zamanda, müasir inkişafı özündə əks etdirir. Nadir özünəməxsusluğu ilə Bakı dünyanın ən cazibədar paytaxtları sırasındadır. Bakının 2020-ci il Olimpiya Oyunlarına iddiasına AZAL şirkəti dəstək olmağa hazırdır. Ümid edirik ki, Bakı dünyanın ən möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək və paytaxtımız dünyanın ən iri turizm və idman bölgələrindən birinə çevriləcək.

"Azercell" MMC-nin prezidenti Əli Ağan da Bakının 2020-ci il Olimpiya Oyunlarına iddiasını dəstəklədiyini qeyd edib.

"İnformasiya və kommunikasiya texnologiyaları Azərbaycan iqtisadiyyatının neft sənayesindən sonra ən sürətlə inkişaf edən ikinci sektorudur. Hazırda ölkə ərazisinin 80%-i mobil rabitə xidmətləri ilə əhatə olunub. Azərbaycan əhalisi isə yeni texnologiyalara böyük həvəs göstərir. Azərbaycanlılar savadlılıq səviyyəsinə görə dünyada aparıcı mövqe tuturlar. Ölkədə idmana böyük maraq var. Ümid edirik ki, Bakı-2020 layihəsi uğurlu olacaq və paytaxtımız regionda ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək. "Azercell" şirkəti isə ölkənin ən iri mobil operatoru olmaqla, Bakının Olimpiya iddiasını dəstəkləməyə həmişə hazırdır", - Ağan deyib.

Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva Azərbaycanın nüfuzlu şirkətlərinin Bakının 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına iddiasını dəstəklədiklərinə çox məmnun olduğunu bildirərək deyib ki, bir neçə ay əvvəl keçirilən sorğunun nəticələri Azərbaycan əhalisinin 95%-nin Bakı-2020 layihəsini dəstəklədiyini nümayiş etdirib.

"Bu yaxınlarda isə paytaxt və bölgələrimizdən Bakı-2020-yə dəstək üçün 500 000 imza toplandı. Bakı-2020, həmçinin Azərbaycanın hökuməti və siyasi partiyaları tərəfindən tam dəstəklənir. İndi isə bizim Olimpiya arzularımızı ölkənin ən iri şirkətləri də dəstəklədiklərini bildirdilər. Biz buna çox sevinirik və 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyinin Bakıya qismət olacağına ümid edirik", - Nurullayeva deyib.

Xəbər lenti

Xəbər lenti