Azərbaycan, Bakı, 21 sentyabr /Trend/
"Avro-2020"nin təşkilatçılığı üçün Azərbaycanın geniş imkanları var.Trend-in məlumatına görə, bu sözləri hazırda Azərbaycanda səfərdə olan UEFA prezidenti Mişel Platini keçirdiyi brifinq zamanı deyib.
Qeyd edək ki, UEFA qitənin 13 şəhərində keçiriləcək "Avro-2020"nin təşkilatçılığı üçün Bakının da namizədliyini təsdiq edib.
AFFA tərəfindən namizədliyi irəli sürülən Azərbaycan paytaxtına 31 ölkədən şəhərlər rəqib olacaq. Belə ki, UEFA 13 yerə 32 namizədi təsdiqləyib.
M.Platini bildirib ki, Azərbaycanda yaxşı infrastruktur mövcuddur: "Bu gedişlə, Bakının "Avro-2020"ni keçirmək şansını yüksək görürəm. Ancaq mən bitərəfliyimi qorumalıyam".
Qeyd edək ki, "Avro-2020"ni qəbul edəcək şəhərlər, təxminən 1 il sonra, yəni gələn il sentyabrın 25-də müəyyənləşəcəklər.
Xatırladaq ki, bu gün qitə futbol qurumunun rəhbəri və AFFA prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Mərdəkanda yerləşən Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasimi keçirilib.