Azərbaycan, Bakı, 12 iyun /Trend/
15-20 iyul 2014-cü il tarixdə Slovakiyanın Snina şəhərində güləş üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək.
Çempionata hazırlığı davam etdirən sərbəst güləş yığmamız Xaçmaz Olimpiya İdman Kompleksində, yunan-Roma güləşi üzrə yığmamız isə İsmayıllı Olimpiya İdman Kompleksində təlim məşq toplanışlarını davam etdirir.
Sərbəst güləş üzrə yığma komandanın üzvləri təlimlərə iyunun 4-dən başlayıblar. Komandanın böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Rövşən Hacıyev və Marian Stoynevin rəhbərliyi altında heyətdə 22 güləşçi yer alıb. Təlim-məşq toplanışı iyunun 16-dək davam edəcək.
Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri isə iyunun 9-dan təlim-məşq toplanışına başlayıb. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında heyətdə 18 idmançı yer alıb. Təlimlər iyunun 22-dək davam edəcək.