Azərbaycan, Bakı, 15 oktyabr /Trend/
Futbolda epizodların təkrar izlənilməsi əsl fəlakət olacaq. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu UEFA prezidenti Mişel Platini İtaliya KİV-ə müsahibəsində deyib.
Bir müddət əvvəl xəbər verilmişdi ki, İtaliya А seriyasında mübahisəli məqamlara təkrar baxıla bilər.
M.Platini deyib ki, videotəkrarlar oyunun tempini aşağı salacaq, matçlar təkrar baxışlara görə tez-tez dayandırılacaq: "Ümid edirəm ki, təkrar izləmələr heç vaxt futbola gəlməyəcək. Bunun tətbiqi əsl fəlakət olacaq".
Sentyabrın əvvəlində Y.Blatter bildirmişdi ki, yeni sistem ilk dəfə gələn il Yeni Zelandiyada keçiriləcək FIFA U-20 dünya çempionatında tətbiq edilə bilər. O, tennisdəkinə bənzər sistem tətbiq etməyə hazırlaşdıqlarını deyib: "Baş məşqçinin hər hissədə 1 və ya 2 dəfə hakim qərarına etiraz haqqı olacaq. Ancaq bunu oyun dayandığı zaman edə biləcək. Etiraz edən baş məşqçi ilə hakim matçın yayım şirkətindən alınan görüntülərə monitordan baxacaq və hakim istəsə, qərarını dəyişə biləcək".