...

Sahib Ələkbərov: Yarışların yüksək səviyyədə təşkili Avropa Velosipedçilər Birliyi rəhbərliyini heyran etdi

İdman Materials 22 İyun 2015 17:25 (UTC +04:00)
Diqqətəlayiq haldır ki, Bakıda Avropa Velosipedçilər Birliyinin Rəhbərlər Komitəsinin növbəti iclası keçirilib.
Sahib Ələkbərov: Yarışların yüksək səviyyədə təşkili Avropa Velosipedçilər Birliyi rəhbərliyini heyran etdi

Azərbaycan, Bakı, 22 iyun /Trend/

"Diqqətəlayiq haldır ki, Bakıda Avropa Velosipedçilər Birliyinin Rəhbərlər Komitəsinin növbəti iclası keçirilib. İclasda qurumun inkişafında çox ciddi dəyişikliklərə səbəb olacaq məsələlər müzakirə edilib. İclasın Bakıda keçirilməsi isə təsadüfi deyil. Avropa Velosipedçilər Birliyinin rəhbərliyi Bakı-2015 ilk Avropa Oyunlarında iştirak etmək üçün ölkəmizə gəlib. Dünən onlar şose velosipedi idmanı üzrə yarışları da izləyiblər". Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bunu federasiyanın vitse-prezidenti Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappertyen yarışların çox yüksək səviyyədə təşkil olunduğunu, Azərbaycanda dövlətin idmana diqqət və qayğısından məmnunluğunu bildirib: "Düşünürəm ki, belə bir beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi velosiped idmanının inkişafına təkan verəcək. Birinci Avropa Oyunlarının bu səviyyədə keçirilməsini biz gözləyirdik. Çünki buna hazırlaşmışdıq, əlimizdən gələni etmişdik. Xaricilər isə Avropa Oyunlarının belə yüksək səviyyədə təşkil olunmasına inanmırdılar. Ancaq Avropa Oyunlarının açılış mərasimi, eləcə də yarışların yüksək səviyyədə təşkili onları heyran etdi".

Azərbaycan milli yığmasının çox böyük nəticələr göstərdiklərini, idmançılarımızın komanda hesabında 2-ci yerdə getdiklərini qeyd edən Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti deyib ki, bütün bunlar Avropa idman ictimaiyyətini heyrətləndirib: "Çünki onlar gözləmirdilər ki, Azərbaycanın bu qədər yüksək potensialı var. Həm yarışların hazırlığı və keçirilməsi, həm də idmançılarımızın parlaq qələbələri ilk növbədə Azərbaycanda uğurla aparılan idman siyasətinin, Prezident İlham Əliyevin idmançılara qayğısının nəticəsidir. Söz yox ki, bu diqqət və qayğı yaxın illərdə ölkəmizdə idmanın bütün növlərinin inkişafına təkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti