...

Arkadi Naydiç: Azərbaycan millisi “Barselona”ya oxşayır

İdman Materials 25 Avqust 2015 13:16 (UTC +04:00)
İlk dəfə ötən ilin dekabrında bu barədə fikir səsləndirildi. Azərbaycan Şahmat Federasiyasından rəsmi təklif 2015-ci ilin əvvəlinə təsadüf etdi.
Arkadi Naydiç: Azərbaycan millisi “Barselona”ya oxşayır

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Şahmatçı Arkadi Naydiç müsahibəsində Azərbaycan yığmasının şərəfini qoruyacağından, AŞF-dən gələn dəvətdən və millimizin heyətində iştirak edəcəyi Avropa çempionatı eləcə də şahmat olimpiadasından danışıb. Trend Azərbaycan Şahmat Federasiyasının mətbuat xidm\tinə istinadən müsahibəni təqdim edir.

- Azərbaycan yığmasında iştirak etməklə bağlı ilk dəfə sizə nə vaxt müraciət olunub?

- İlk dəfə ötən ilin dekabrında bu barədə fikir səsləndirildi. Azərbaycan Şahmat Federasiyasından rəsmi təklif 2015-ci ilin əvvəlinə təsadüf etdi. Sonradan bəzi sənədləri qaydasına salmaq lazım idi. Bu yaxınlarda isə rəsmən Azərbaycan yığmasından iştirak edəcəyim rəsmiləşdi. Bildiyiniz kimi uzun illər Almaniya millisinin uğurları üçün çalışmışam. Almaniyada şahmat prioritet deyil. Yəni orada əsas komandanın mötəbər yarışlarda iştirakıdır. Heç kim səndən nəticə tələb etmir. Əsas odur ki, yarışda iştirak edirsən. Almaniyada rəsmi olaraq minlərlə şahmatçı qeydiyyatdan keçib. Bununla belə idmanın bu növünə o qədər böyük diqqət yoxdur. 2011-ci ildə Almaniya Avropa çempionatında qələbə qazanandan sonra belə yerli mətbuat şahmatçılara o qədər diqqət ayırmadı.

- Almaniya yığmasında oynayan şahmatçı bundan sonra Azərbaycan millisində iştirak edəcək. Bu sizin üçün çətin olmayacaq ki - artıq yeni komanda yoldaşlarınız olacaq..

- Şahmat digər idman növlərindən fərqlənir. Bu futbol deyil. Azərbaycan yığmasının şahmatçılarını yaxşı tanıyıram. Məmmədyarov və Rəcəbovla müxtəlif turnirlərdə qarşılaşmışam. Rauf Məmmədovu tanıyıram. Uşaqlıqdan gözəl münasibətimiz var. Bir komandada oynamaq çətin olmayacaq. Əksinə çox sevinirəm ki, Azərbaycan kimi komandada çıxış edəcəyəm.

- Kişi şahmatçılardan ibarət Azərbaycan yığması kənardan necə görsənir?

- Azərbaycan yığması dünyanın ən güclü şahmat komandalarından biridir. Mənim üçün belə komandada oynamaq çox maraqlıdır. Biz sadəcə iştirak etməyəcəyik. Komandamız medallar uğrunda mübarizə aparacaq. Bu amil şahmatçı üçün vacibdir. Hər zaman iştirak etdiyim yarışlarda yüksək yerləri tutmaq istəmişəm. Belə güclü kollektivlə məqsədimiz uğur qazanmaq olacaq.

- İlin sonunda komandalar arasında Avropa çempionatı olacaq. Siz bu yarışda iştirak edəcəksiniz?

- Qitə birinciliyi mənim Azərbaycan yığmasında debütüm olacaq. Avropa çempionatı şahmat aləmində güclü yarışlardan biridir. Həmin turnirdə iştirak etməyi planlaşdırıram. Gələn il isə Bakıda keçiriləcək şahmat olimpiadasında iştirak edəcəm.

- Azərbaycan millisi iki dəfə Avropa çempionatında qızıl medal qazanıb. Amma olimpiadada mükafatçılar sırasına düşə bilməyib. Gələn il şahmat olimpiadası Bakıda keçiriləcəyindən komandamızdan daha böyük uğur gözlənilir...

- 2016-cı ildə keçiriləcək şahmat olimpiadasında rəqiblər daha güclüdür. ABŞ komandası heyətini iki əcnəbi şahmatçıyla gücləndirib. Onlar Uesli So və Fabiano Karuanayla müqavilə imzaladılar. Üstəlik Çin millisi iddialılar sırasındadır. Şahmat olimpiadasında uğur qazanmaq üçün bir balaca bəxt də olmalıdır. Son şahmat olimpiadasında Hindistan komandası ikinci yeri tutmaqla hamını şoka saldı. Onların püşkdə bəxti gətirdi. Demək olar ki, əksər görüşlərdə iddialılarla oynamadılar. Təbii ki, şahmat olimpiadasında Azərbaycan millisi medallar uğrunda mübarizə aparacaq. Biz çalışmalıyıq mükafatçılardan biri olaq.

- Almaniyada yaşayan hər bir kəs futbolla maraqlanır. Əgər futbolla müqayisə etsəniz Azərbaycan yığmasını hansı komandaya bənzətmək olar?

- Sözsüz, Almaniyada futbol çox sevilir. Bir neçə dəfə Dortmundun "Borussiya" klubunun oyunlarına baxmışam. Azarkeşlər stadionda çox möhtəşəm dəstək göstərir. Futbol Almaniyada tam başqadır. Sualınıza gəldikdə, Çin şahmat yığmasını "Bavariya"yə bənzədərdim. Onlar hər şeyi dəqiqliklə yerinə yetirir. Azərbaycanı emosional klublardan birinə oxşadardım. "Barselona" kimi oynayırlar. Yəni, bəzən Azərbaycan favorit olduğu yarışda belə medal qazanmır. Kataloniyalılar da belədir. "Barsa" da bəzən zəif rəqiblərə uduzur.

- Arkadi Naydiç Azərbaycan şahmat yığmasının ilk əcnəbi üzvüdür. Adətən bizdə dəvət olunan idmançıdan daha çox nəticə tələb edirlər. Bu mənada məsuliyyətiniz çox olacaq.

- Peşəkar idmançı hər bir çağırışa hazır olmalıdır. Sözsüz ki, Azərbaycan yığmasında mümkün qədər yaxşı çıxış etməyə çalışacam. Məni inanaraq dəvət ediblər. Ona görə ümidləri doğrultmalıyam. Çox istərdim ki, ilk çıxışımız uğurlu olsun. Təzyiqlər ola bilər, amma əsas özünəinamdır.

- Avropa çempionatı və ya şahmat olimpiadasında Almaniya millisinə rəqib ola bilərik. Bu halda sizin çətin olmayacaq ki...

- (gülür) Maraqlı olacaq. Heç bir çətinlikdən söhbət gedə bilməz. Ümid edirəm almanlarla ilk turlarda qarşılaşacayıq. Həlledici turlarda Almaniya yığmasıyla oynamaq çox çətindir.

- Yəqin, sizi Bakıda tez-tez görəcəyik...

- Mən ailəmlə Bakıya köçmüşəm. Burada mənim üçün hər cür şərait yaradılıb. Azərbaycan Şahmat Federasiyasına təşəkkür etmək istərdim. Çünki, yeni şəhərə köçdükdə müəyyən xırda problemlər olur. Amma federasiya hər bir işdə mənə kömək oldu. Azərbaycan paytaxtı ailəmin xoşuna gəlir. Şəhəriniz çox gözəldir. Çox istərdim ki, Azərbaycan yığmasıyla böyük qələbələr qazanım. Milli karyeramın sonuna qədər Azərbaycan komandasında çıxış etmək istəyirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti