...

Baş məşqçi: İdman gimnastikası üzrə Dünya kubokunda əsas yenilik hər alətin üzərindəki işıqlandırma sistemi olacaq (FOTO)

İdman Materials 14 Mart 2017 13:48 (UTC +04:00)
16-19 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək
Baş məşqçi: İdman gimnastikası üzrə Dünya kubokunda əsas yenilik hər alətin üzərindəki işıqlandırma sistemi olacaq (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Qarşıdan gələn idman gimnastikası üzrə Dünya kubokunda əsas yenilik hər bir idman alətinin üzərində quraşdırılmış işıqlandırma sistemi olacaq. Bu, tamaşaçılara bütün diqqəti yarışlara cəmləməyə imkan verəcək.

Bunu Trend-ə idman gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rza Əliyev deyib.

O qeyd edib ki, komanda iki nəfərdən – millinin yeni üzvü Bense Talas və yetirməmiz Murad Ağarzayevdən ibarətdir.

Baş məşqçi turnirdən gözləntiləri barədə danışıb: “Murad hələ çox gənc olduğu üçün ona çətin olacaq. Komandanın üzvü Bense üçün olduğu kimi. Hansısa güclü nəticənin olacağını gözləmirik, amma finala çıxmağa və ya medallar uğrunda mübarizəyə ümid edirik”.

O qeyd edib ki, yeni Olimpiya dövründə əsas məqsəd daha çox lisenziya qazanmaqdır: “İlk növbədə bu, çoxnövçülükdür. Amma ayrı-ayrı növlərdə də çalışacağıq. Bu il əsas turnirlər sırasında Avropa və dünya çempionatları, eləcə də Universiada var. Burada biz komanda olaraq iştirak edəcəyik. Hazırda bu turnirə Bense və Murad keçir, amma daha iki gimnast komandaya düşə bilər. Heyətin müəyyən olunması üçün yoxlama məşqləri və çıxışlar olacaq. 2018-ci ildə komandalararası dünya birinciliyi keçiriləcək. Burada azı 24-cü yer tutmaq lazımdır ki, növbəti dünya çempionatına 12 ən yaxşı komanda sırasına çıxa bilək”.

Onun sözlərinə görə, gimnastlar turnir ərəfəsində çox həyəcanlanır: “Xüsusilə doğma divarlar arasında məsuliyyət və psixoloji gərginlik daha çoxdur və onların hər ikisi debütantlardır”.

Məşqçi həmçinin, zaldakı qeyri-adi işıqlandırma barədə fikirlərini bölüşüb: “Bu gün buraya gələn milli komandaların məşqləri olacaq. Və onlar hər alətin üzərində quraşdırılan işıqlandırmanın effektivliyini qiymətləndirəcək. Dünən artıq İsrail və Qazaxıstan gimnastları məşq edib və onların heç bir şikayəti olmayıb. Bir məşqçi və keçmiş idmançı kimi bu yenilik mənim xoşuma gəlir. Bu, idman gimnastikasında yenilikdir. Belə bir şey dünya kuboklarında olmayıb. Sabah podium məşqləri baş tutacaq və 23 ölkədən olan gimnastlar alətləri sınaqdan keçirib yeni işıqlandırmaya öyrəşməyə imkan tapacaq”.

Qeyd edək ki, 16-19 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən ümumilikdə 85 kişi, 35 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti