Bakı. Ceyhun Ələkbərov - Trend:
"Sumqayıt" futbol klubu (FK) dünənki oyunda baş verən insidentə görə ictimaiyyətdən üzr istəyib.
Trend-in məlumatına görə, klub bu barədə rəsmi bəyanat yayıb. Baş vermiş hadisə ilə bağlı detallı araşdırma aparılacaq:
"Hörmətli futbol ictimaiyyəti, “Sumqayıt” Futbol Klubu olaraq, hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressiyanın yolverilməz olduğunu hesab etmişik. Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində sentyabrın 1-də Bakı şəhərindəki “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sumqayıt” qarşılaşmasının son dəqiqələrində meydanda baş vermiş insidentə görə ölkə futbol ictimaiyyətindən “Sumqayıt” FK olaraq üzr istəyirik. Bəyan edirik ki, AFFA-nın müvafiq strukturunun məlum olayla bağlı çıxaracağı qərardan savayı, klub daxilində də məsələ ilə bağlı detallı araşdırma aparılacaq və uyğun addımlar atılacaq.
Əlavə edilib ki, “Sumqayıt” FK futbolun bir idman növü olaraq hörmət və ehtiram (Respect) kimi təməl prinsiplər üzərində indiki inkişaf səviyyəsinə çatdığına və klubun hər bir üzvü bu prinsiplərə hər zaman əməl olunmasının vacibliyinə inanır:
"Bu bəyanatla bir daha ölkə futbolundakı bütün rəqiblərimizə ehtiramımızı ifadə edir, “Hər şey Azərbaycan futbolu üçün!”, - deyirik.
Xatrıladaq ki, dünən "Neftçi" - "Sumqayıt" matçının sonlarında iki komandanın futbolçuları arasında dava düşüb. Oyun "Neftçi"nin qələbəsi ilə başa çatıb.