Bakı. Cani Babayeva - Trend:
Bədii gimnastika üzrə 37-ci dünya çempionatı yüksək səviyyədə təşkil edilib.
Bunu Trend-ə yarışlara azarkeşlik edən Rövşən Əzizov deyib.
O bildirib: "Milli Gimnastika Arenasını ikinci dəfə ziyarət edirəm, zal çox gözəldir. Təşkilatçılar hər bir şeyi yüksək səviyyədə hazırlayıblar".
Azarkeş qeyd edib ki, Azərbaycan gimnastlarına böyük ümidlər bəsləyir: "Qızım Masallı rayonunda gimnastika ilə məşğul olur, bu gün burada gimnastlarımıza azarkeşlik etməyə gəlib".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").