Bakı. Trend:
Qarışıq cütlük tərkibində çıxış edən Belçika idmançıları Brem Röttqer və Helena Heyens Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə 28-ci Dünya çempionatında tarazlıq hərəkətləri proqramında birinci yeri qazanıblar.
Trend-in məlumatına görə, qarışıq cütlükdə olan idmançıların nəticəsi 29,360 xal olub.
İkinci yerdə qarışıq cütlüklər Nataşa Hatçinson və Dilan Hauells (Böyük Britaniya, 28,940 xal), üçüncü yerdə qarışıq duet - Daniel Blintsov və Pia Şutze (Almaniya, 28,940 xal) qərarlaşıb.
Azərbaycan gimnastları Ağasif Rəhimov və Raziyə Seyidli 28,860 xal toplayaraq dördüncü yeri tutublar.
Xatırladaq ki, hazırda Azərbaycan yığmasının Dünya Çempionatında üç medalı aktivində var. Ağasif Rəhimov və Raziyə Seyidlinin gümüş, Daniel Abbasov və Murad Rəfiyevin iki bürünc medal qazanıb.
Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.
Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş hərəkətləri təqdim edirlər.