...

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılışı olub (FOTO)

İdman Materials 1 İyun 2024 19:06 (UTC +04:00)
Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılışı olub (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Dənizkənarı Milli Parkda (Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasının arxası) gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, rəsmi açılışdan əvvəl Bakı İdman Sarayından başlayan və Kukla Teatrının arxasındakı meydanda başa çatan tədbirdə iştirak edən komandaların yürüşü olub.

Komandaların yürüşü iştirakçıların parlaq, qeyri-adi geyimləri və təbii ki, iştirakçıların yolda onları qarşılayan hər kəslə bölüşdükləri təbəssümləri ilə Bakı sakinləri və şəhər qonaqlarının diqqətini çəkib.

Festivalın açılışında Kamerunun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti, Afrika Badminton Konfederasiyası Şurasının üzvü Odet Esembe Enqulu bütün iştirakçıları salamlayaraq onlara böyük uğurlar arzulayıb. Odet Esembe Enqulu qeyd etdi ki, gimnastika hamı üçün növü üzrə beynəlxalq “Challenge” turniri ilk növbədə dostluğun təcəssümüdür.

Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva çıxışında qeyd edib ki, gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirində dörd ölkədən minə yaxın gimnast iştirak edir.

Mariana Vasileva komandaların gözəl çıxışlarının tamaşaçılara əsl bayram bəxş edəcəyinə əminliyini bildirib. Bildirilib ki, gimnastika hami üçün növü Azərbaycanın 28 rayonunda inkişaf etdirilir.

Sonra tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Rəsmi açılışdan sonra komandaların çıxışları başlayıb. Hər bir komanda həm gimnastika, həm də rəqs elementlərinin ahəngdar şəkildə birləşdirildiyi tamaşa təqdim edib. Tədbir komandaların çıxışlarını maraqla izləyən geniş tamaşaçı kütləsi toplayıb. Yaşı 50-dən yuxarı olan iştirakçıların çıxışları tamaşaçıları xüsusilə sevindirdi. Tamaşaçıları “50+” iştirakçılarının proqramlarını asanlıqla, həvəslə və böyük enerji ilə yerinə yetirilməsi hamını heyran etdi. Hər bir komandanın çıxışı gurultulu alqışlarla müşayiət olundu.

Qeyd edək ki, gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turniri iyunun 1-2-də baş tutur. İştirakçılar iki yaş kateqoriyasında - 50 yaşa qədər və 50 yaşdan yuxarı kateqoriyasında çıxış edirlər. Bu gimnastika festivalı yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq insanları birləşdirir. Əsl festival ab-havası yaradan tədbir ustad dərsləri, rəngarəng komanda yürüşləri və bütün yaş qruplarının nümayəndələrinin marağına səbəb olacaq əyləncə proqramları ilə yadda qalacaq. “Gimnastika hamı üçün” bütün dünyada çox populyar olan qeyri-rəqabətli idman növüdür. “Gimnastika hamı üçün" sağlam həyat tərzinin və dostluq fəlsəfəsinin təcəssümüdür. Yaşından və fiziki hazırlığın səviyyəsindən asılı olmayaraq hər kəs “hamı üçün gimnastika” ilə məşğul ola bilər.

Xəbər lenti

Xəbər lenti