...

Gimnastika hamı üçün növü üzrə "Challenge" turnirinin qala-şousu keçirilib (FOTO)

İdman Materials 3 İyun 2024 00:21 (UTC +04:00)
Gimnastika hamı üçün növü üzrə "Challenge" turnirinin qala-şousu keçirilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Dənizkənarı Milli Parkda (Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasının arxasında) gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin qala-şousu keçirilib.

Trend-in məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, idman ictimaiyyətinin nümayəndələri, xarici qonaqlar iştirak ediblər.

Qala-şou başlamazdan əvvəl mükafatlandırma mərasimi baş tutub. “Ən yaxşı çıxış” kateqoriyasında qaliblər Sierra Leone və Gürcüstanı (Acro Family) təmsil edən komandalar oldu; "Ən yaxşı kostyum" - Monqolustan komandası; “Sosial şəbəkələrin ən aktiv istifadəçisi” – Aygül Babaşeva; “Ən fəal valideynlər” – Qəbələ və Oğuz Olimpiya İdman Kompleklərini təmsil edən komanda üzvlərinin valideynləri; “Ən yaşlı iştirakçı” – Validə Həsənova (“70-lərin gəncləri” komandası); “Ən gənc iştirakçı” Əzizə Nuridir (“Madaqaskar” komandası). Bu nominasiyalar üzrə qaliblər diplom və mükafatlarla təltif olunublar.

Sonra 25 komandanın parlaq, dinamik, füsunkar proqramlar təqdim etdiyi qala-şou baş tutdu.

Gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin iştirakçıları öz təəssüratlarını bölüşərək tədbirdə gözəl ab-havanın olduğunu qeyd etdilər.

“Kür” (Mingəçevir) Olimpiya Tədris-İdman Mərkəzinin, Abşeron Olimpiya İdman Kompleksinin və “Ocaq Sport” klubunun Ağdaş filialının bədii gimnastika və “Gimnastika hamı üçün” üzrə məşqçisi Aygül Babaşevanın sözlərinə görə, belə tədbirlərin keçirilməsində idmanın inkişafında böyük rol oynayır:

"Sevindirici haldır ki, Gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin bütün iştirakçıları bu tədbirdə iştirakla bağlı xatirələr uzun illər onların yaddaşında qalacaqlar. Məşqçisi olduğum komandalar festivala çox ciddi hazırlaşıb, layiqincə çıxış ediblər. Məşqçi üçün ən böyük xoşbəxtlik tələbələrinin uğurlarını görməkdir”, - deyən Aygül Babaşeva komandaları iştiraka hazırlamaqla yanaşı, “Moonlight” qrupunun tərkibində “Challenge” səhnəsinə çıxıb.

Yeddi yaşlı Fəridə Əhmədzadə “Gimnastika for All Challenge” yarışında ilk dəfədir ki, Göyçay Olimpiya İdman Kompleksini təmsil edən komandanın tərkibində çıxış edib:

"Burada çox maraqlıdır, çoxlu komandalar var, əla çıxış edirlər. Amma ən çox The Youth of the 70's komandasını bəyəndim. Müxtəlif ustad dərslərində iştirak etmək də maraqlı idi, çox şey öyrəndik".

The Youth of the 70's komandasına Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin ahıllara sosial xidmət müəssisəsinin sakinləri daxil olublar. Komanda üzvü Validə Həsənova vurğulayıb ki, gənc yaşlarından idmanla məşğul olub:

"Festivala dəvətə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirəm. Tədbirin təşkilat komitəsində çoxlu gənclərin olması xoşuma gəldi, onların işini izləmək xoşdur. Komandamızın çıxışından danışarkən deyə bilərəm ki, iştirakçıların yaşını nəzərə alsaq, əla çıxış etdik".

“Acro Family” komandasının (Gürcüstan) üzvü, gimnast Nino Puzirova “Challenge”in yüksək səviyyədə təşkil olunduğunu qeyd edib:

"Bəzi komandaların çıxışlarına baxa bildim, hamısı gözəl idi, proqramları çox maraqlı idi. İştirakçılar arasında müxtəlif yaşlarda olan gimnastların olması sevindirici haldır və hamımızı idman sevgisi birləşdirir".

Azərbaycan əsilli gimnast Nərmin Əhmədova Nino Puzirova kimi də Gürcüstanın “Acro Family” komandasını təmsil edir:

"Mən Rustavi şəhərində yaşayıram, Bakıya ilk dəfə gəlirəm, burada olmaqdan xoşbəxtəm. Mən Azərbaycanın paytaxtını ziyarət etmək arzusunda idim və “Challenge” sayəsində belə bir fürsət yarandı. “Challenge” əla keçib, ümid edirəm ki, gələn il yenidən Bakıya gəlib tədbirdə iştirak edəcəm".

Qeyd edək ki, iyunun 1 və 2-də Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turniri keçirilib. Gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirində 61 komandadan 800-dən çox gimnast iştirak edib. İştirakçılar iki yaş kateqoriyasında çıxış ediblər - 50 yaşa qədər və 50 yaşdan yuxarı. Bu gimnastika festivalı yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq insanları birləşdirdi. Tədbir ustad dərsləri, rəngarəng komanda yürüşləri və əyləncə proqramları ilə yadda qaldı.

Gimnastika hamı üçün” bütün dünyada çox populyar olan qeyri-rəqabətli idman növüdür. “Gimnastika hamı üçün" sağlam həyat tərzinin və dostluq fəlsəfəsinin təcəssümüdür. Yaşından və fiziki hazırlığın səviyyəsindən asılı olmayaraq hər kəs “hamı üçün gimnastika” ilə məşğul ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti