Bakı. Trend:
Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Rzeşovda (Polşa) keçirilən Dünya Kuboku və beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Akrobatika gimnastikası üzrə Dünya Kubokunda qarışıq cütlükdə çıxış edən Ağasif Rəhimov və Raziyə Seyidli qızıl medal qazanıblar.
Kişi cütlüyündə çıxış edən Murad Rəfiyev və Daniel Abbasov, həmçinin Riad Səfərov, Abdulla Əl-Məşayhi, Seymur Cəfərov və Rəsul Seyidlinin yer aldığı kişilər qrupu bürünc medala layiq görülüb.
Beynəlxalq turnirdə Diana Məmmədova, Səfiyə Babayeva və Firuzə Qasımzadənin yer aldığı qadınlardan ibarət qrup (12-18 yaş) gümüş mükafata layiq görülüb.
13-19 yaş kateqoriyasında çıxış edən daha bir qadın qrupu beynəlxalq turnirdə qızıl medal qazanıb. Qrup Zəhra Rəşidova, Anahita Bəşiri və Nəzrin Zeyniyeva ibarət olub.
Akrobatika gimnastikası üzrə dünya kuboku və beynəlxalq turnir mayın 31-dən iyunun 2-dək keçirilib.