...

Komandamla birgə Azərbaycanda yaşayacağam, ailəm də burada qalacaq - Fernandu Santuş

İdman Materials 13 İyun 2024 13:10 (UTC +04:00)
Komandamla birgə Azərbaycanda yaşayacağam, ailəm də burada qalacaq - Fernandu Santuş

Bakı. Trend:

Ümumi proses haqqında danışmağa vaxtım olacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunan Fernandu Santuş deyib.

Təcrübəli portuqaliyalı mütəxəssis təqdimat mərasimində AFFA-ya ona etimad göstərdiyi üçün təşəkkür edib: “Onların gələcəklə bağlı fikirlərini bilmək mənim üçün maraqlı oldu. Qərarımda bu kimi məsələlər önəmli idi. Təbii ki, bu qarşılıqlı anlaşma gələcək layihələri həyata keçirmək baxımından önəmli idi. Burdayamsa, AFFA rəhbərliyi məni seçib”.

- Azərbaycan yığması reytinq cədvəlində ilk “100-lük”də də deyil. AFFA-nın təklifi nə dərəcədə cəlbedici oldu ki, qəbul etdiniz?

- ⁠Doğurdan da, təklif cəlbedici oldu. Ona görə burdayam ki, daha öndə olaq. Bu səbəbdən də qəbul etdim.

- ⁠Azərbaycanı Avropa çempionatında görmək üçün nələr etməliyik? Bu barədə Santuşun nə kimi planları var?

- ⁠Gürcüstanın AVRO-2024-də iştirakı bizim üçün motivasiyadır. Qazaxıstan da yaxın idi. 2028-ci ildə Avropa çempionatına vəsiqə qazanmaq üçün hər bir şərait var. Təkcə mənim yox, sizin də dəstəyiniz önəmlidir. Xalqın inamı və dəstəyi lazımdır. Uğur anidən göydən düşmür. Çox təəssüf ki, əvvəlki seçmə mərhələlərdə Azərbaycan səhv edib, alınmayıb. Mənim üçün də əsas motivasiya bunu dəyişməkdir. İnanıram ki, bu bizdə alınacaq. Onu da qeyd edim ki, mən komandamla birgə Azərbaycanda yaşayacam. Bu layihəni həyata keçirmək üçün mədəniyyətinizlə yaxından tanış olacağıq. Ailəm də burada qalacaq.

- Yığma ilə bağlı layihəni açıqlaya bilərsiz?

- Bu, komandanı oyunlara hazırlamaq və matçda iştirak etməklə yekunlaşmır. Mən 2010-da Yunanıstan millisi ilə müqavilə imzalayanda da buna bənzəyirdi. Burada əsas məqsəd futbol oynamaq deyil. Burada amalımız aşağı yaş qrupları ilə də bağlıdır, fikirlərimiz var.

- ⁠3+1 illik müqavilə imzalamısız. Bu qədər enerjiniz varmı? Bizim məşqçilərdə tənqid etdiyimiz məqam müdafiəyəmeyilli oyun olub. Sizin rəhbərliyiniz altında hücum futbolu görə biləcəyik?

- ⁠Tam enerjiliyəm. Kifayət qədər motivasiyam var. Bütünlükdə bu layihəyə köklənmişik. Heç bir problem yoxdur. Əsas məqsəd qələbə qazanmaqdır. Bunun üçün həm hücum etmək, həm də müdafiə olunmalıyıq. Azərbaycanda daha öncə olmuşam. Bura gələnə qədər də milliniz barədə fikirlərim var idi. Əsas bu iki faktoru cəmləmək və qol vuraraq qapımızın toxunulmazlığını saxlamamaqdır. Qələbə qazanmaq üçün də yaxşı oyun nümayiş etdirməyi bacarmalıyıq. Azarkeşlərin dəstəyinə ehtiyacımız var. Onlar qələbə ilə yanaşı, cəlbedici futbol istəyində olurlar. Biz onları stadionlara cəlb etmək üçün hər şey edəcəyik.

- ⁠Daha öncə “Beşiktaş”da çalışmısınız. Azərbaycana gəlmənizdə Türkiyə klubunun rəhbərliyinin rolu və ya vasitəçiliyi olub?

- ⁠Uyğunlaşmaq baxımından Türkiyənin Azərbaycana qonşu ölkə olması mənə kömək edəcək. Mədəniyyətin və yeməklərin yaxın olması və s. bütün bunlar önəmlidir. 2020-ci ildə Azərbaycana gələrkən mənlə köməkçilərim ölkəni bu dərəcədə gözləmirdik və çox təəccüblənmişdik. Yaxşı mənada şəhəriniz bizi valeh etdi.

Qeyd edək ki, Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.

Xəbər lenti

Xəbər lenti