Paris. Trend:
“Qazandığım medala görə hər kəsə, bütün Azərbaycana təşəkkür edirəm. Bu, mənim üçün qızıla bərabərdir”.
Trend-in Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili deyib.
"Azərbaycana mənə bu şansı yaratdığı üçün təşəkkürümü bildirirəm. Bu medal mənim üçün qızıla bərabərdir. Azərbaycan Güləş Federasiyasına, məşqçilərimizə, həkim və masajçımıza, sparrinqlərimə minnətdaram. Hər kəsə çox sağ ol deyirəm. Biz bir komandayıq. Bir ailəyik. Azərbaycanı öz doğma vətənim sayıram. Burada özümü qonaq kimi hiss etmirəm. Yarımfinalda məğlub olduğum Geno Petriaşvili çox güclü idmançıdır. Bunu finalda da göstərdi. Onu da təbrik edirəm. Bu dəfə bürünc medal qazandım. Artıq indidən növbəti yarışa çıxmağı səbirsizliklə gözləyirəm. Özümü buna tam kökləmişəm" - deyə idmançımız bildirib.
Giorgi Meşvildişvili yarımfinalda məğlub olduğu gürcüstanlı idmançının çox güclü olduğunu bildirib. İdmançı bildirib ki, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında əldə etdiyi bürünc medal onu gələcək yarışlar üçün daha da motivasiya edəcək.
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb.