Bakı. Trend:
Mayın 3-4-də Qubada təşkil olunacaq yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinin püşkatma mərasimi keçirilib.
Trend xəbər verir ki, mərasimdə Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri iştirak ediblər.
Tədbirdə çıxış edən ACF-in baş katibinin müavini, idman direktoru Kamran Talıbov Avropa Cüdo Birliyinə göstərilən etimada görə təşəkkür edib və bütün iştirakçılara uğurlar arzulayıb.
EJU-nun idman komissarı Albert Qmayner qurumun prezidenti Laslo Totun adından iştirakçıları salamlayaraq, turnirin gənc cüdoçuların gələcək karyerasında mühüm mərhələ olacağını vurğulayıb və yarışın yüksək səviyyədə təşkili üçün Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü ifadə edib.
EJU-nun hakimlər üzrə komissarı Vladimer Nutsubidze isə bildirib ki, Quba Avropa Kubokunun görüşləri 15 yerli və beynəlxalq dərəcəli hakim tərəfindən idarə olunacaq.
Qeyd edək ki, beynəlxalq turnirdə 11 ölkədən 354 cüdoçu (213 oğlan və 141 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq. Azərbaycanı bu yarışda 141 idmançı (100 oğlan və 41 qız) təmsil edəcək.