...

Elxan Mikayılov: İqtisadi təşəbbüsləri dəstəkləməklə islahatların effektivliyinin artırılması əsas məqsədlərdən biridir

İqtisadiyyat Materials 28 Oktyabr 2017 18:32 (UTC +04:00)
Regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, bələdiyyəyələrin və digər maraqlı tərəflərin iqtisadi təşəbbüslərinin dəstəklənməsi yolu ilə islahatların effektivliyinin artırılması regional müzakirələrin keçirilməsində əsas məqsədlərdən biridir.
Elxan Mikayılov: İqtisadi təşəbbüsləri dəstəkləməklə islahatların effektivliyinin artırılması əsas məqsədlərdən biridir

Bakı. Trend:

Regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, bələdiyyəyələrin və digər maraqlı tərəflərin iqtisadi təşəbbüslərinin dəstəklənməsi yolu ilə islahatların effektivliyinin artırılması regional müzakirələrin keçirilməsində əsas məqsədlərdən biridir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov İsmayıllıda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən regional ictimai müzakirədə çıxışında deyib.

E.Mikayılov qeyd edib ki, regionlarda belə müşavirələrin təşkil olunması Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilir: “Regional müzakirələrin keçirilməsində əsas məqsəd ölkədə aparılan iqtisadi islahatlar, strateji yol xəritələrinin qəbulu və bu istiqamətdə həyata keçirilən işlər haqqında regionlarda əhalini xüsusilə də sahibkarları məlumatlandırmaq, eyni zamanda sadəcə məlumatlandırmaq yox, iqtisadi islahatların aparılmasında ictimai iştirakçılığı da məhz regionlarda da təmin etməkdən ibarətdi".

E.Mikayılov vurğulayıb: "Xüsusilə də, regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, bələdiyyələrin və digər maraqlı tərəflərin iqtisadi təşəbbüslərinin dəstəklənməsi yolu ilə islahatların effektivliyinin artırılması regional müzakirələrin keçirilməsində əsas məqsədlərdən biridir".

İslahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək, cəmiyyətə düzgün mesajın çatdırılması məqsədi ilə həyata keçirilən müzakirəyə İsmayıllı, Ağsu, Qobustan və Şamaxıdan 200 nəfərdən artıq sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndələri qatılıb.

İsmayıllı rayon icra hakimiyyəti başçısı Mirdaməd Sadıqov son illər respublikanın ayrı-ayrı rayonlarında sistemli şəkildə aparılan abadlıq quruculuq işləri barədə məlumat verib. O deyib ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası, əhalinin rifah halının yaxşılaşması, regionların iqtisadi potensialının tam reallaşdırılması, kənd yerlərinin inkişafı, əlverişli biznes mühitinin formalaşdırılması, iqtisadi və sosial problemlərin həlli üçün mümkün olan bütün qüvvələr səfər edilib. Proses bundan sonra da davam etdiriləcək.

Milli Məclisin deputatı Novruz Aslanov çıxışında bölgələrin sosial-iqtisadi inkişafından, o cümlədən İsmayıllı rayonunda həyata keçirilən tədbirlərdən, abadlıq-quruculuq işlərindən, sosial-iqtisadi sahənin inkişafından danışıb və xüsusi ilə sahibkarları bu müzakirələrdə aktiv iştirak etməyə çağırıb.

Müzakirələr zamanı İİTKM-nin layihə nəzarəti və qiymətləndirmə meneceri Namiq Şalbuzov "Azərbaycan Respublikasında iqtisadi islahatlar: Dağlıq Şirvan iqtisadi rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri" mövzusunda təqdimat edib.

Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, eləcə də Vergilər Nazirliyinin 10 saylı ərazi vergilər idarəsinin direktoru Cavid Kəngərli iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda çıxış edib.

Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrin maraqlandıran suallara cavablar verilib. İİTKM tərəfindən Ağdam, Şəki və Qubada 500-dən artıq sakinlə analoji formada müzakirə aparılıb. Görüşlər Gəncə, Şirvan, Lənkəran və Mingəçevirdə də təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti