Bakı. Trend:
9 aprel 2018-ci il tarixində EY Azərbaycan və Bakı Ali Neft Məktəbi (BANM) əməkdaşlıq sazişi imzalayıblar.
EY Azərbaycan-dan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rektor Elmar Qasımov EY şirkətinin Azərbaycanda vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə fəaliyyətini yüksək qiymətləndirdi və BANM və EY arasında əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə etdi. O öz fikirlərini bildirdi: “Tərəfdaşlıq sayəsində BANM tələbələri EY şirkəti tərəfindən təşkil olunan davamlı inkişaf üzrə təlim kurslarında iştirak imkanı əldə edəcəklər”.
EY şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladı. O, həmçinin BANM tələbələrinin EY tərəfindən təşkil edilən təlim kurslarına göstərdiyi böyük marağa görə məmnun olduğunu bildirdi.
Daha sonra, BANM tələbələrinə İqlim Dəyişikliyi və Davamlılıq seminarında iştirak sertifikatları təqdim olundu.
Tədbirin sonunda EY Azərbaycan və BANM əməkdaşlıq sazişi imzaladılar. İmzalanma mərasimindən sonra, EY Azərbaycan şirkətinin İR Departamentinin direktoru Samira Şabanova və EY Azərbaycan şirkətinin İR üzrə baş eksperti Vüsalə Həsənova şirkətin biznes, məşğulluq siyasəti və prosedurları, karyera və peşə inkişafı imkanları barədə təqdimat etdilər. Təqdimat tələbələrlə keçirilən sual-cavab sessiyası ilə davam etdi.
EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.
EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Bakı, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkek, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 4,500 peşəkar çalışır.
EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com
EY 24 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini verib. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.
Hal-hazırda Bakı ofisimizdə Azərbaycandakı müştərilərimizə xidmət göstərən 200-dən çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.