Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Komitəsi əmlakın kütləvi şəkildə yerlərdə qeydiyyatının aparılması ilə bağlı “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni layihəyə start verir.
Komitədən Trend-ə verilən məlumata görə, bu kampaniya iyulun 16-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində reallaşacaq. Belə ki, sakinlər 16-20 iyul tarixlərində saat 09:00-dan 17:00-a qədər Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 20 Yanvar küçəsi, 1 ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər. Bu sosial layihə ardıcıl olaraq respublikanın bütün ərazilərini əhatə edəcək. Öncədən elan edilən məkanda fəaliyyət göstərəcək mobil ofislər vətəndaşların xidmətində olacaq. Sakinlər ərazi idarələrinə getmədən bu mobil ofislərə müraciət etməklə bütün növ daşınmaz əmlaklar üzrə səyyar şəkildə qeydiyyat xidmətlərindən yararlana biləcəklər.
Qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən bu sosial kampaniya ilk yenilik deyil. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu prosesdə davamlı yeniliklərin tətbiqi, innovasiyalardan geniş istifadə olunması nəticəsində hazırda vətəndaşlar çıxarışlarını elektron şəkildə də ala bilərlər. Eyni zamanda çıxarışların 1 iş günü müddətində verilməsi də vətəndaş məmnunluğuna istiqamətlənib.
Komitə tərəfindən tətbiq olunaraq geniş yayılan, əhali arasında müsbət qarşılanan sosial layihələrdən biri də "Kütləvi çıxarış" kampaniyasıdır. Kampaniya komitənin qeydiyyat xidmətlərini əhalinin birbaşa ünvanlarında, iş yerlərində, kəndli və fermerin əkin sahələrində çatdıraraq onları vaxt itkisi olmadan, operativ şəkildə çıxarış əldə etməsinə imkan yaradır. Komitənin mobil ofis xidmətləri də gündəlik olaraq respublikanın müxtəlif ərazilərinə gedərək fərqli növlərdə qeydiyyat xidmətləri göstərir.