...

Azərbaycanda əhalinin banklarda olan müddətli əmanətləri artıb

İqtisadiyyat Materials 19 Sentyabr 2018 10:49 (UTC +04:00)
2018-ci ilin avqust ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
Azərbaycanda əhalinin banklarda olan müddətli əmanətləri artıb

Bakı. Trend:

Avqustun 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,127.1 milyon manat, kredit portfeli 11,905.5 milyon manat, cəmi öhdəlikləri isə 24,077.5 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sektorun balans kapitalı 4,049.6 milyon manat olub. Avqust ayı ərzində bank sektorunun aktivləri 0.7 faiz (196.4 milyon manat), öhdəlikləri 0.3 faiz (79.2 milyon manat), balans kapitalı isə 3 faiz (117.2 milyon manat) artıb. Bank sektorunda kredit aktivliyi davam edir. Avqust ayında bankların kredit portfeli 1.2 faiz (135.9 milyon manat) artıb. Ümumilikdə cari ilin əvvəli ilə müqayisədə kredit portfeli üzrə 5 faiz (567.9 milyon manat) artım olub.

Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri avqust ayı ərzində 0.2 faiz (13.8 milyon manat) artıb. Ümumilikdə isə cari ilin avqust ayında fiziki şəxslərin əmanətləri 0.4 faiz (28.6 milyon manat) azalaraq 7.939.9 milyon manat təşkil edib.

Bank sektoru cari ilin 8 ayı ərzində 441 milyon manat əməliyyat mənfəəti, 103.8 milyon manat xalis mənfəət generasiya edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2.468 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti avqust ayı ərzində 0.4 faiz (61 nəfər) artaraq 16 min 936 nəfərə çatıb. Ümumilikdə, ilin əvvəlindən sektorda çalışanların sayı 4.7 faiz (765 nəfər) artıb.

31 avqust 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti